“İlham Əliyev. İnkişaf - məqsədimizdir” - 76-cı kitab

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” - 76-cı kitab
21:13 23 Yanvar 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin sentyabrından oktyabr ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi olub. Prezident İlham Əliyevin bununla əlaqədar Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlər barədə informasiyalar, Azərbaycan və Türkiyə prezidentlərinin “Space” televiziyasının müxbirinin sualına cavablarının və dövlətimizin başçısının konqresdə çıxışının mətnləri kitabda yer alıb. Dövlətimizin başçısı çıxışında deyib: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq”.

Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Roma Papası Fransisk ilə görüşünün materialları, Venesuela Bolivar Respublikası və Xorvatiya Respublikası prezidentləri ilə apardığı danışıqlara dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının, Prezident İlham Əliyevin Azərbaycan-Xorvatiya Biznes Forumunda çıxışının mətnləri daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Çoxcildliyin 76-cı kitabında, həmçinin Prezident İlham Əliyevin Rusiya, Belarus, Pakistan, Türkiyə, Bolqarıstan, Tacikistan, ABŞ, Rumıniya və digər dövlətlərin, AŞPA, Afrika İttifaqı, ATƏT və Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksəksəviyyəli iştirakçılarını qəbul etməsinə dair materiallar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqinin, Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə çıxışının, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqin, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibəsinin mətnləri ilə də tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, MingəçevirSumqayıt şəhərlərinə, QazaxAğstafa rayonlarına səfərləri zamanı iqtisadi və sosial infrastruktur obyektlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında materiallar da verilib.

Nəşrə ölkə rəhbərinin “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, habelə müxtəlif məktubları daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 76-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/267231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR