FİFA prezidentliyinə namizədliyini irəli sürən 4 nəfərdən ikisi iddiasından geri çəkilmək fikrindədir.

Apasport.az saytının məlumatına görə, söhbət Hollandiya Futbol İttifaqının rəhbəri Mixael van Praaq və Portuqaliya yığmasının keçmiş futbolçusu Luiş Fiqudan gedir.
Həm Praaq, həm də Fiqu namizədliklərini geri çəkməklə, Əli ibn Əl-Hüseynin rəhbər seçilmək şansını artırmaq istəyirlər. Tərəflər hazırkı prezident Yozef Blatterin postunda qalmasının qəti əleyhinədirlər. Onlar bu yolla Blatterin 5-ci dəfə FİFA prezidenti seçilməsinə mane olmaq niyyətindədirlər.
Bununla bağlı fikirlərini bölüşən Praaq məsələni öz aralarında danışacaqlarını bildirib: “Bu məsələni mətbuatda müzakirə etmək fikrim yoxdur. Görüşəndə öz aramızda danışacağıq. Mümkün variantdır”.
Fiqunun isə məsələyə münasibəti bu cür olub: “Həyatda hər şey mümkündür. Heç kim bilmir ki, sabah nə olacaq”.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək.

Milli.Az