Naxçıvan, 1 may, Rauf Əliyev, AZƏRTAC
Naxçıvanda kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafını nəzərə alaraq bu sahənin dinamikası, strukturu, inkişaf meyilləri, maddi-texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədilə 2015-ci il iyun ayının 1-dən 30-dək muxtar respublikada aqrar bölmənin bütün sahələri üzrə siyahıyaalma keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 22 fevral tarixli Qərarına əsasən keçiriləcək siyahıyaalma zamanı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan bütün təsərrüfatların iki qrup üzrə sorğuya cəlb edilməsi nəzərdə tutulub.
Birinci qrup üzrə sorğu kənd təsərrüfatı müəssisələrini və təşkilatlarını, ikinci qrup üzrə isə sorğu fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarını əhatə edəcək.
Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, gəlir mənbəyi, icarə münasibətləri və torpaqdan istifadə, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, mineral və üzvi gübrələrdən istifadə, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu və digər məsələlər haqqında məlumatların toplanılması nəzərdə tutulub.
Muxtar respublikada “Kənd təsərrüfatı ili”ndə keçiriləcək siyahıyaalmada əldə ediləcək dolğun məlumatlar bu sahənin gələcək inkişafı üzrə aparılacaq tədbirlərin istiqamətinin müəyyənləşdirilməsinə imkan yaradacaq.
