1980-ci illərdə Türkiyədə çox sayda satılan “Ağlayan uşaq” rəsmi son 30 ildə şəhər əfsanəsinə çevrilib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, İngiltərədə 1950-ci illərdən bəri 250.000 ədəd satılan bu tablonun hekayəsində isə bir çox səhv məlumatlar var.
Türkiyədə daha çox “Çiko” kimi tanınan bu tablo bir çox insanda mərhəmət, şəfqət kimi hislər yaradır. Kütləvi istehlak məqsədilə emal edilən ucuz tablolardan biri olan “Ağlayan uşaq” italyan rəssam Bruno Amadionaya məxsusdur.
Sağlığında Venesiyadakı turistlərə rəsm sataraq yaşayan Amadionun tanınan 27 rəsm əsəri var. Daha çox Giovanni Bragolin kimi tanınan sənətkar əsərlərində bəziləri "qaraçı uşaqlar" kimi xatırlanan ağlayan uşaqların rəsmini çəkmişdir.
1950-ci illərdən etibarən bütün dünyanı dolaşmağa başlayan rəsmin yüzlərlə fərqli versiyasi yayılıb. Rəsmlərdə dəyişməyən tək şey isə uşağın göz yaşları və məsum baxışları idi.
İngilis qəzeti “The Sun”-ın 4 sentyabr 1985-ci ildə yayımladığı xəbərdə mədən qəsəbəsi Yorkshiredəki bir yanğınsöndürənin bütünlüklə yanan evlərdə bu rəsmlərin heç zərər görmədiyini iddia etdiyi yazılmışdı. Bu xəbər rəsm sahiblərini təşvişə salıb.
Həmin illərdə İngiltərənin yoxsul məhəllələrində bu rəsmin 50 min kopyası satılmışdı. Yanğınlar da daha çox yoxsul məhəllərdə baş verirdi. Qəzetin elanından sonra 2500 oxuyucu evlərindəki rəsmləri qəzetə göndərdi və rəsmlər toplu şəkildə yandırıldı. Bundan sonra minlərlə insan qəzetə zəng edərək öz yaşadıqlarını danışdı. “Ağlayan uşaq” rəsmindən gecələr ağlama səsi gəldiyi, göz yaşlarının qan rənginə dönüşdüyü, rəsmin öz-özünə titrəməyə başladığı deyilirdi.
İngilis mətbuatının qurbanı olan rəsmə sonda“lənətli ” damğası vuruldu. Daha sonra isə rəsmin “lənət”i Çilidə də ortaya çıxdı. Santiaqoda bir təşkilatçı Halloven üçün dərc etdiyi afişada bu rəsmdən istifadə etdi. Afişa şəhərin bütün əsas küçələrində və ticarət mərkəzlərində asıldı. Paranormal hadisələrlə maraqlanan insanlar etiraz edərək rəsmin lənətli olduğunu və yığışdırılmasının vacib olduğunu bildiriblər. Çilinin ən böyük qəzeti “Las Ultimas Notacius” hadisəni “Ağlayan uşağın tük ürpərdən dönüşü” sözləri ilə dərc etdi. Qəzetin bəhs etsiyi təxminən 80 nəfər rəsmə sahib olduqdan başlarına pis hadisələr gəldiyini, boşandıqlarını, işlərindən qovulduqlarını, evlərində yanğın çıxdığını deyiblər.
“Ağlayan uşaq”ın yaratdığı bu şəhər əfsanəsilə “Da Vinçi Şifrəsi”ni belə geridə qoyub. Yanğınsöndürən işçiləri bütün yanğınların diqqətsizlik nəticəsində çıxdığını açıqlasa da “The Sun” qəzetinin yaydığı xəbərlər cəmiyyət tərəfindən daha çox qəbul edilib.



