​Vətəni borclu çıxarmaq bizlərə

Son vaxtlar sosial şəbəkələr hər kəs üçün bir əhəmiyyət kəsb etməyə başlayıb və əyləncə məkanı, ünsiyyət forması, maraqlı axtarışlar məkanı olaraq həyatımızın bir parçasına çevrilir. Eyni zamanda sosial şəbəkələr bəzi şəxslər üçün qisas meydannaı, acıq çıxma fürsətinə, bir növ problemini paylaşma, ictimailəşdirmə adı altında dövlət orqanları və vəzifəli şəxslər barədə etikadan kənar ifadələrdən, təhqiramiz sözlərdən, qərəzli fikirlərdən istifadə edilən, modaya minmiş poliqona çevrilir.

Sosial şəbəkədələrdən və virtual məkandan az istifadə etsəm də keçmiş hərbçi kimi, imkan olduqca burada hərbi mözuda olan paylaşmaları izləyirəm. Son vaxtlar sosial şəbəkələrdə bir növ kompaniya şəklini alan anti-hərbi movzulara fikirlərimi bildirmək və şəxsi mülahizələrimi qələmə almaq qərarına gəldim.

Vətən elə bir müqəddəs məna daşıyan sözdür ki, dilimizdə səslənəndə köksümüz qabarır, qürurdan qəlbimiz döyünür, varlığımızı fərəh hissi bürüyür. Və düşünürəm ki, Ana Vətən, doğma torpaq üçün nəsə etdiyimizə görə umu-küsü etmək onu borclu çıxarmaq qəbuledilməzdir. Məgər Mübariz İbrahimov, Çingiz Qurbanov kimi igid oğullar düşmənə qan uddurub, fədakarlıq göstərəndə Vətəndən nəsə ummaq onları düşündürürdümü? Yox. Bu qətiyyən ola bilməz. Məncə, Vətəni Vətən edən, Ana torpağı müqəddəsləşdirən də məhz belə igidlərimiz və onların təmənnasız fədakarlığıdır…

Amma nə yazıq ki, bəzən umanlar da, küsənlərdə, Vətəni hər addımda borclu çıxarmağa çalışanlar da tapılır. Bəziləri Vətən andı, Vətən qarşısında xidmət, Vətən borcu məvhumlarını madiyyat, məqam, mövqe davasına qurşanmaqla cılızlaşdırırlar. Son bir neçə ildə dövlət başçısının tapşırığına əsasən hərbi qulluqçuların ailələrinə dövlət hesabına tam təmirli mənzillər paylanır. Müdafiə Nazirliyinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Naxçıvan və digər bölgələrimizdə inşa etdirdiyi xidməti evlər tam təmir olunaraq hərbçilərin istifadəsinə verilir. İstər dövlət, istərsə də Ordu rəhbərliyi səy göstərir ki, həm Orduda xidmət edən, həm də ehtiyata buraxılan hərbi qulluqçular ardıcıl olaraq mənzillərlə təmin olunsunlar. Digər sosial məsələlərin həlli ilə də bağlı bir çox əhəmiyyətli addımlar da atılıb. Bunları danmaq insafsızlıq olardı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında, görüşlərində, dövlət tədbirlərində Vətən naminə canlarını fəda edən hər bir kəsin cəmiyyətimizdə böyük hörmətə malik olduğunu və bu insanlara qayğı göstərilməsinin dövlət siyasətimizin əsas istiqamətlərindən olduğunu bildirir. Bu yaxınlarda Prezident şəhid ailələrinin böyük bir qrupunu qəbul etdi, tribunadan şəhid valideynlərinin, şəhid yaxınlarının ayağına gəldi, hər biri ilə hörmət və ehtiramla salamlaşdı, səmimi söhbət etdi, qayğılarını dinlədi və problemlərinin həlli ilə bağlı müvafiq göstərişlər verdi. Bu mənzərəni görən vətənsevər hər kəsin qəlbində fərəh və qürur hissi yarandı. Hamının gözündə dövlət başçımızın bir insan, vətəndaş olaraq da nə qədər ucaldığının bir daha şahidi olduq. Öz vətəndaşlarının təəssübünü çəkən belə dövlət başçısı daim xalqına arxalanacaqdır.

Həmin gün də Azərbaycan naminə əməyi olan insanların sosial qayğılarının həllindən danışan cənab İlham Əliyev çıxışında bu il daha 800 şəhid ailəsinin mənzillərlə təmin olunacağını inamla qeyd etdi və bildirdi ki, Vətənimiz qarşısında xidmətləri olan hər kəsin zəhmətinə lazımi dəyər veriləcəkdir. Heç kəs diqqətdən kənar qalmayacaq. Vaxtında, növbəsində, qaydasında Prezidentin müvafiq sərəncamında göstərildiyi kimi, qanunla müəyyən edilmiş normalara əməl edilməklə bütün şəhid ailələrinə, hərbi qulluqçulara evlər veriləcək, ehtiyatda olanların qayğıları ilə bağlı tədbirlər görüləcəkdir. Əgər kimsənin keçdiyi xidmət yolu qüsursuzsa, qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, Vətən yolunda fədakarlığı varsa, torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə payı varsa, həmin şəxs istər hərbi xidmətdə olsun, istər istefada, yaxud ehtiyyatda olsun fərq qoyulmayacaq. Hər kəs diqqət, qayğı payını, mükafatını alacaqdır. Gec, ya tez mütləq alacaqdır. Mən buna əminəm.

Hamımız bilirik ki, ikinci dünya müharibəsindən 70 ildən şox vaxt keçməsinə baxmayaraq bu gün də elə hallar olur ki, döyüşçünün layiq görüldüyü orden, medal, mükafat öz ünvanını tapır. 70 ildən çox vaxt keçməsinə baxmayaraq veteranların sosial məsələləri, eləcə də Qarabağ müharibəsi iştirakçılarına diqqətlə, Vətən uğrunda əməyi olanların sosial qayğılarının həlli ilə bağlı elə bir il yoxdur ki, Ali Baş Komandan bir fərman, sərəncam imzalamasın. Çox təəssüf olsun ki, diqqətdən kənarda qaldığını, layiq olduğunu almadığını iddia edən bəziləri, hətta ehtiyatda olan bəzi hərbi qulluqçular sosial şəbəkələrdə üzləşdikləri problemlərdən dolayı dövlət və ordu rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlətməkdən çəkinmirlər. Hesab edirəm ki, bəzi məsələlərin ictimailəşdirilməsi və sosial şəbəkələrdə təhqiramiz ifadələrin işlənməsi düzgün deyil. Çünki bu addım problemin həllindən çox, ümumilikdə ölkəmizdə həyata keçirilən yaxşı işlərin, atılan müsbət addımların üstündən qara xətt çəkilməsində, böyük zəhmətlər bahasına əldə etdiyimiz müsbət imicimizə xələl gətirilməsində bizi istəməyənlərə, bizə düşmən olanlara geniş imkan, fürsət yaradır. Çox vaxt düşmən qüvvələr belə çıxışlardan ölkəmizə qarşı qurduqları xain oyunlarda ustalıqla istifadə etdiklərini də gərək heç vaxt unutmayaq. Hər kəsin dərdi, qayğısı, həll etməsinə gücü, imkanı yetmədiyi problemlər ola bilər. Ehtiyyatda olan zabit olaraq mən də düşünə bilərəm, hətta iddia edə bilərəm ki, diqqətdən, qayğıdan kənarda qalmışam, hansısa ad-sana yaxud, orden, medala layiq görülməmişəm. Belə bir fikirdə olmaq, belə düşünmək kimsəni təhqir etməyə, ünvanına xoşagəlməz fikirlər səsləndirməyə haqlı etmir məni. Eyni zamanda heç vaxt belə mənfi düşüncələrin təsirinə düşərək Vətənimdən, ölkəmdən, dövlətimdən umu-küsü etmədim, incimədim, Vətəni borclu çıxarmadım. Əksinə Vətənə borcumu vicdanla ödəməyə çalışdım və bundan qürur duydum, fəxr etdim, öyündüm. Gərəkli nəsə etdimsə bundan qəlbən rahatlıq tapdım, mənəvi zövq aldım. Maddi-sosial cəhətdən də layiq olduqlarımı alıram və gələcəkdə də alacağıma inamımı, ümidimi itirməmişəm. Amma heç vaxt da unutmadım ki, mən sağam, salamatam, evimdə, ailəmlə birlikdəyəm. Unutmadım ki, Vətən yolunda canından keçən, torpaq naminə özünü qurban verən, ən Müqəddəs zirvə olan Şəhidlik zirvəsinə ucalan, döyüşlərdə əlil olan igid Vətən oğulları var ki, onlar və onları ailə üzvləri məndən qat-qat daha üstün hörmətə, ehtirama, qayğıya, diqqətə, ordenə medala layiqdirlər. Vətən, torpaq, millət naminə vuruşmaq, döyüşmək hamımızın borcudur. Vətən yolunda canlarından keçənlər bu addımı nəyinsə xətrinə yox, Vətənin azadlğı naminə təmənnasız etdiklərini də unutmayaq. Odur ki, edilən yaxşı nə varsa gözardı edərək, rastlaşdığımız hansısa bir problemin həlli ilə bağlı Vətəni borclu çıxarmaq, ondan umu-küsü etmək keçmiş döyüşçü mənəviyyatına, zabit kodeksinə, hərbçi etikasına yaraşmaz.

Ehtiyatda olan zabit, müharibə əlili Yunis Eldaroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR