Bakı, 2 may, AZƏRTAC
İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq aləmdə Bakının rəmzlərindən biri kimi tanınan 250-dən çox “London taksi”sini qarşıdakı həftələrdə şəhərin hər bir yerində görə biləcəyik. Azərbaycan tarixinin ən böyük idman tədbirinə hazırlıqların davam etdirdiyi bir vaxtda bu taksilər “Bakı-2015”ə diqqəti bir qədər də artıracaq.
Yeni dizayn olunmuş taksilər haqqında danışan “Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğində iştirakına yalnız məmnun ola bilərik. Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanı tribunalarda görmək perspektivi bizi xüsusilə sevindirir.
Açılış və bağlanış mərasimləri də daxil olmaqla, bütün yarışlar üçün biletləri www.baku2015.com saytından onlayn qaydada və ya Bakının müxtəlif yerlərindəki bilet satış məntəqələrindən almaq olar. Bilet satışı haqqında ətraflı məlumatı “Bakı-2015”in rəsmi internet səhifəsindən, yaxud 2015 telefon nömrəsinə zəng etməklə tamaşaçı məlumat mərkəzindən əldə etmək mümkündür. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar, arenalara giriş üçün etibarlı biletə malik böyüklərin müşayiəti ilə əksər yarışları izləmək üçün pulsuz giriş hüququna malik olacaqlar.