Bakı. 2 mart. REPORT.AZ/ "Sabah"a qış fasiləsindən sonra gəlmişəm. Bu üzdən komandadakı qeyri-stabilliyin səbəbi barədə nəsə demək mənə çətindir. Deyə bilərəm ki, məşqlərimizi necə lazımdır edirik. Sadəcə, hansısa məqamda nəsə çatmır".
"Report"un məlumatına görə, bunu "Sabah"ın futbolçusu Rəşad Eyubov Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Dövrələrarası fasilədə məhz "Neftçi"dən "Sabah"a keçən orta sahə oyunçusu bu amilin oyununa təsir etmədiyini söyləyib.
Eyubov "Neftçi"yə özünü sübut etmək barədə düşünmədiyini vurğulayıb:
"Mənim üçün prinsipial oyun deyildi. Yalnız "Sabah"ın qələbəsi üçün meydana çıxmışdım. "Neftçi"yə qarşı məndə hansısa revanş hissi, prinsipiallıq yox idi. Aqressiv olmağım bəzi epizodlarda narazı qalmağımla bağlı idi".
27 yaşlı oyunçu əlavə edib ki, ötən turda "Qarabağ"dan (1:1) xal aldıqdan sonra "Neftçi"ni də büdrədəcəklərinə inanıblar:
"Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək. Demək olmaz ki, məğlubiyyətdə səbəb seçilən taktika idi".

***21:49
Bakı. 2 mart. REPORT.AZ/ “Rəqib ardıcıl iki oyundur xal itirirdi. Buna görə aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq”.
"Report" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
49 yaşlı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib:
"Flaqman bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.
Əhmədov yeni transfer Təmkin Xəlilzadəni erkən əvəzləməsinin səbəbini isə belə izah edib: "Təmkinin temperaturu var idi. Oyuna 38 dərəcə qızdırma ilə çıxmışdı. Əvəzləməyim bununla bağlı idi".
Baş məşqçi kapitan Cavid İmamverdiyevin ehtiyatda qalmasını isə zədə problemi ilə əlaqələndirib:
"Cavid zədədən əziyyət çəkirdi. Cəmi iki gündür komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik".

Rəşad Eyubov: "Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar"