Ofsaydda qalan özündən incisin - YAZI

Ofsaydda qalan özündən incisin -  YAZI
16:07 14 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

Robert Prosineçkinin yığmanı biabırçı vəziyyətdən çıxarması hamımızın arzusudu. Əlbəttə, millinin inkişafına birbaşa cavabdeh olanların gördüyü işlər hələ ki nəticə vermir və xərclənən milyonlarla yığmanın reytinq sıralamasındakı mövqeyi uzlaşmır. AFFA məmurlarının işbilməzliyi üzündən futbol xəritəsində qara nöqtə qədər cılız və miskin görünən ölkəmizin seçməsinə xorvat çalışdırıcının nəsə verəcəyinə ümidliyik.


Təbii, milli onu uçuruma aparanların, assosiasiyada tutduğu rəhbər vəzifələrdə haqq etmədən çalışanların yox, xalqındı. Və xalqın olduğuna görə, ümumxalq problemdən çıxış yolunu birgə axtarmalıyıq. Bu başqa məsələ ki, xalqın içindən çıxan, xalqın sözünü deyən tərəfsiz jurnalistlərin fikri “arxası bağlı” məmurların vecinə deyil!

Futbolun dünənində adı olmayanların yaratdığı qruplaşma hakimiyyət davasından qalib çıxmağa deyil, futbolun rifahına hesablansaydı, bu gün milli heç olmasa, FİFA-nın sıralamasında 50-60-cı yerlərdə qərarlaşardı. İşləmək istəsəydilər, AÇ-2016-nın seçmə mərhələsində keçirdiyi 4 matçın hamısında yenilən, sonuncu pillədəki acizanə durumuyla azarkeşlərinə göz dağı verən komanda 4-5 xal qazanmış olardı...


Qış fasiləsi dönəmində ürəyinizdəki ümidlərə sırsıra bağlamaq niyyətində deyilik. Əksinə, biz də səhrada gül axtaran yorulmaz insanlar kimi, ümid işığı sorağındayıq.


“Qranada”nın yarımmüdafiəçisi Eddi İsrafilovun nəhayət, anası İradə İsrafilovanın vətəninin millisində oynamağa razılıq verməsi yeni ilin ilk nikbinlik bəxş edən xəbəridi.  Əlbəttə, Eddidən xüsusi vətənpərvərlik, bayraq, torpaq sevgisi ummağa dəyməz. Ancaq onun gəlişi Əfran İsmayılov, Vüqar Nadirov, Araz Abdullayev, Vaqif Cavadov və başqa yarımmüdafiəçili papağını qabağına qoyub fikirləşməyə vadar edəcək. Fakt budu ki, Azərbaycanla bağlılığı olmayan Dmitri Nazarov yerlilərdən yaxşı olduğunu millidəki oyunlarıyla isbatlayıb və start “11-lik”dəki yerini “özəlləşdirib”.  Daha bir yer isə Eddinindi. Deməli, qalan hücumameyilli yarımmüdafiəçilər cəmi 1 yer uğrunda çarpışacaq. Yığmanın iki dayaq yarımmüdafiəçisiylə oynadığını xatırlasaq, rəqabət amansız olmalıdı. Ofsaydda qalan özündən incisin. Futbol kişilərin oyunudu!  


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ofsaydda-qalan-ozundn-incisin-t18808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR