Əkrəm Həsənov: “Mərkəzi Bank başda olmaqla, banklar qanunlara riayət etmirlər və onların təkmilləşdirilməsində maraqlı deyillər”
İki ay əvvəlki devalvasiyadan sonra kreditlərlə bağlı yaranmış problemləri həll etmək üçün gözlər Konstitusiya Məhkəməsinə dikilib. Konstitusiya Məhkəməsi mayın 7-də dollarla götürülən kreditlərin hansı məzənnə ilə qaytarılacağına aydınlıq gətirməlidir.
Ekspertlər, hüquqşünaslar, iqtisadçılar da bu məsələ ətrafında öz fikirlərini bildirirlər. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov isə bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə hüquqi rəy təqdim edib.
Hüquqşünas Ə.Həsənovun sözlərinə görə, Konstitusiya Məhkəməsi mayın 7-də iki suala cavab verməlidir: “Xarici valyutada kredit vermək qanunidirmi? Xarici valyutada verilən kredit hansı məzənnə ilə qaytarılmalıdır?”
O qeyd edib ki, cəmiyyəti narahat edən bu problemlərin həllində yardımçı olmaq məqsədilə Konstitusiya Məhkəməsinə ətraflı hüquqi rəyini təqdim edib: “Mən kompromis qərarın qəbul edilməsini təklif edirəm. Lakin bu, kompromis naminə kompomis təklifi deyil. Təklifimi, ilk növbədə, hüquqi cəhətdən əsaslandırmışam. Sadəcə, xoşbəxtlikdən hüquqi cəhətdən düzgün hesab etdiyim qərar insani nöqteyi-nəzərdən də ədalətlidir. Başqa sözlə, hüquqi və vətəndaş mövqeyim üst-üstə düşür. Qısası budur ki, xarici valyutada kreditin verilməsini qanunsuz hesab edirəm. Bu, əhalinin xeyrinə olacaq. Lakin belə kredit istənilən halda banka cari məzənnə ilə qaytarılmalıdır. Bu da bankların xeyrinə olacaq”.
Ekspert qeyd edib ki, Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərhi üzrə Konstitusiya Məhkəməsinin qərarında bu və ya digər şəkildə bir neçə məsələnin təsbit edilməsini təklif edib: “439.1-ci maddənin məzmununa və mənasına uyğun olaraq, bütün tərəfləri Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri olan pul öhdəliyini yalnız manatla ifadə edilməlidir. Bu, həmçinin kredit və bank əmanəti müqavilələrinə də aiddir. Əks halda, həmin müqavilə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, etibarsızdır. Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, tərəflərdən hər biri xarici valyutada aldığı pul məbləğini digər tərəfə qaytarmalı və ya onun manat ekvivalentini ödəməlidir. Borclu isə həmçinin əlavə olaraq, 449.1-ci maddəyə müvafiq şəkildə kreditora bank uçot dərəcəsi ilə faizlər ödəməlidir”.
Ekspertin sözlərinə görə, 439.2-ci maddənin məzmununa və mənasına uyğun olaraq, xarici valyutada olan pul öhdəliyi ödəniş gününə manatın xarici valyutaya məzənnəsi əsasında manatla ödənilməlidir: “439.2-ci maddənin “ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa” ifadəsi Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. 439.7-ci maddənin məzmununa və mənasına uyğun olaraq, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, pul vahidinin nominal dəyəri artmış və ya azalmışsa, borclu ödənişi yeni nominal dəyərdə əvvəlki və yeni nominal dəyərin məzənnəsinə uyğun ödəməlidir. Həmçinin, pul vahidinin bazar dəyəri artmış və ya azalmışsa, borclu ödənişi pul öhdəliyinin ifadə edildiyi məbləğdə ödəməlidir. Pul vahidi digər pul vahidi ilə əvəz edilmişdirsə, borclu ödənişi dəyişmə gününün məzənnəsinə uyğun ödəməlidir. Bu qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, pul öhdəliyini nizamlayan qaydaların qanunvericilikdə dəqiq müəyyən olunması Milli Məclisə tövsiyə edilməlidir”.
Qərarın sosial-iqtisadi mahiyyətini qeyd edən Ə.Həsənovun fikrincə, təklif edilən qərar layihəsi nəinki hüquqi cəhətdən düzgün olar, həmçinin manatın kəskin devalvasiyasından sonra cəmiyyətimizdə mövcud olan sosial gərginliyi yumşalda və iqtisadi problemlərin bir qismini həll edə bilər: “Bu təklifin əsas üstünlüyü həm də ondan ibarətdir ki, heç bir tərəfin iddiasını tam təmin etmir və devalvasiya nəticəsindəki yaranmış zərəri onların arasında bölüşdürür. Buna görə də təklifimin hər bir tərəf üçün müsbət və mənfi cəhətləri üzərində qısaca dayanaq. Banklar və digər kredit təşkilatları üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada verdikləri kreditlər onlara həmin valyutada və ya manatla cari məzənnə ilə qaytarılacaq. Düzdür, öz növbəsində, banklar da xarici valyutada olan bank əmanətlərini cari məzənnə ilə qaytarmalıdır. Lakin nəzərə alsaq ki, bir qayda olaraq, xarici valyutadakı kreditlərin həcmi bank əmanətlərinin həcmindən çoxdur, manatın kəskin devalvasiyası nəticəsində banklar fayda götürmüş olurlar. Sözügedən kreditlər və bank əmanətləri üzrə faizlərin bank uçot dərəcəsi ilə ödənilməsi də eyni səbəbə görə banklara cüzi də olsa, gəlir gətirəcək. Əsas mənfi cəhət isə bankların verdiyi kreditlər üzrə şərtləşdirdikləri və gözlədikləri dərəcə ilə faiz, komisyon və digər gəlirlərdən məhrum olmalarıdır.

Məlumdur ki, bizdə kredit və bank əmanətləri üzrə faiz dərəcələri arasında fərq çox böyükdür. Buna görə də bank əmanətləri üzrə də əmanətçilərin faiz gəlirlərinin müəyyən hissəsindən məhrum olmaları bankların itkisini yalnız cüzi əvəzləşdirir. Lakin eyni zamanda, banklar xarici valyutadakı krediti geri almaq əvəzinə cari məzənnə əsasında manatla yenidən rəsmiləşdirərək, müştəriləri ilə kredit münasibətlərini davam etdirə və müəyyən itkilərini bərpa edə bilərlər. Digər vacib mənfi cəhət bankların verdikləri kreditlər üzrə təminatlardan məhrum olmalarıdır”.
Hüquqşünasın sözlərinə görə, borc alan fiziki və hüquqi şəxslər üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada götürdükləri kreditlər üzrə yalnız bank uçot dərəcəsi ilə faiz ödəyəcəklər: “İndiyədək banka ödədikləri faizləri, komisyon və digər haqları isə geri alacaqlar. Bu isə o deməkdir ki, onların xərci xeyli azalacaq və aşağıda göstərilən mənfi cəhəti yumşaldacaq. Əsas mənfi cəhət isə təbii ki, onların götürdükləri krediti xarici valyutada və ya manatla cari məzənnə ilə ödəmək vəzifəsidir. Başqa sözlə, manatın kəskin devalvasiyasının yükü, əsasən, onların üzərində qalacaq”.
Ə.Həsənovun sözlərinə görə, əmanətçilər üçün əsas müsbət cəhət ondan ibarətdir ki, xarici valyutada qoyduqları bank əmanəti onlara həmin valyutada və ya manatla cari məzənnə ilə qaytarılacaq.
Əsas mənfi cəhət isə ondan ibarətdir ki, onlar bank əmanəti üzrə şərtləşdirdikləri və gözlədikləri dərəcə ilə deyil, bank uçot dərəcəsi ilə faiz gəliri əldə edəcəklər: “Lakin istənilən halda bankların və borc alanların itkiləri və problemləri qarşısında bu itki iri deyil”.
O qeyd edib ki, qanunvericiliyimizdəki problemlər müvafiq dövlət orqanlarının bu sahədəki boşluqları vaxtında aradan qaldırmadığını göstərir: “Mərkəzi Bank başda olmaqla, banklar da bu boşluqlara nəzər yetirmədən məsuliyyətsiz əmanət-kredit siyasəti həyata keçiriblər. Əhalinin də bir qismi müvafiq hüquqi və iqtisadi biliklərə malik olmadan xarici valyuta ilə əqdlər bağlayıblar”.
Ekspertin sözlərinə görə, Mülki Məcəllənin bank əqdlərinə dair müddəalarının təkmilləşməsinə ehtiyac var: “Mərkəzi Bank başda olmaqla, banklar qanunlara riayət etməməyə o qədər alışıblar ki, onların təkmilləşməsində maraqlı deyillər”.
Ekspert ümid etdiyini bildirib ki, Konstitusiya Məhkəməsinin qərarından sonra cəmiyyətimizdə qanunun aliliyi prinsipinin rolu artacaq, qanunvericiliyə daha çox diqqət yetiriləcək: “Məsələn, güman edirəm ki, Mülki Məcəllənin 439.1-ci maddəsi tezliklə təkmilləşdiriləcək. Bu qərar eyni zamanda, əhalimizin hüquqi və iqtisadi savadının artmasına, bu savadın rolunun yüksəlməsinə xidmət edəcək. Bu qərar həmçinin milli valyutamız olan manatın rolunu və əhəmiyyətini artıracaq, ölkədə son aylarda sürətlə inkişaf edən dollarlaşma prosesini zəiflədəcək. Nəhayət, inanıram ki, bu qərar Konstitusiya Məhkəməsinin cəmiyyətimizdəki nüfuzunun daha da artmasına xidmət edəcək”.

Milli.Az