"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Sabah" üzərində 3:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XX turunun açılış matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis xüsusən müdafiədə səhvsiz oynamalarından məmnunluqlarını vurğulayıb:
"Bu gün daha istəkli idik, komanda səhv etmədən qalib gəldi. Hücum futbolu oynayaraq, müdafiədə səhv etmədik. Bu da məni sevindirdi".
Əhmədov heyətdəki itkilərdən də danışıb:
"Conatan Ayitenin öz oyununu tapmasına sevindim. Amil Yunanov cəzalı, Klennon zədəlidir. Həmçinin Sərtan Taşqın ola bilsin ki, gələn oyuna yetişməsin. Buna baxmayaraq, komanda əzmkar futbol sərgilədi".
Baş məşqçi rəqibi düzgün təhlil etmələrinin qələbədə öz sözünü dediyini söyləyib:
"Hər bir komanda rəqibi təhlil edir. Mən öz komandamın oyununa daha çox üstünlük verirəm. Futbolçulara deyirəm ki, uduzsanız belə, oyununuzdan zövq alın. Bu gün istədiyim futbolun 60-70 faizini meydanda gördüm".
***17:51
Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
"Report" xəbər verir ki, açılış matçında "Keşlə" "ASK Areana"da "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk iki qolu "Keşlə"nin legioneri Conatan Ayite vurub. Fransalı hücumçu 26 və 47-ci dəqiqələrdə fərqlənib. 66-cı dəqiqədə isə Cabir Əmirli yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Keşlə" xallarının sayını 19-a çatdırıb. "Sabah"ın isə 21 xalı var.
Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ" - "Səbail" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.