Türkiyədə dörd uşaq anası azərbaycanlı Saibə Yüksəliri öldürən sevgilisi 46 yaşlı kolleksioner Rahim Aracının məhkəməsi başlayıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 24-də Konyanın Karatay rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.
Cinayətdən bir neçə gün əvvəl üç uşaq anası və həyat yoldaşından boşanmış Saibə Rahimin iş yerinə gəlib. O, sevgilisindən arvadını boşamağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə düşüb və hadisə yerinə polis çağırılıb. Cütlük bir-birindən şikayətçi olmadığını bildirib.
Rahim iyulun 24-də avtomobili ilə iş yerinə gəldiyi vaxt tapança ilə Saibəyə səkkiz dəfə atəş açıb və onu maşından ataraq, hadisə yerindən qaçıb. Saibə Yüksəlir isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən 25 gün sonra R.Aracı saxlanılıb və o, əməlini etiraf edib. Məlumatlara görə, o, Qurban bayramı ərəfəsində suriyalı qaçqınların arasında ölkədən qaçmaq istəyib.
R.Aracı ilk ifadəsində qadının özünü vurduğunu iddia edib:
"Saibə 150 min lirəyə Konyada ev almışdı. Atam orada qalırdı. Daha sonra o, evi satmaq qərarına gəldi və aramızda mübahisə düşdü. Silahı götürüb onu qorxutmaq istədim. O, silahı əlimdən alıb özünə atəş açdı, mən də onu avtomobildən atıb hadisə yerindən uzaqlaşdım".
İfadə inandırıcı olmadığı üçün R.Aracı barəsində məhkəmə həbs qərarı çıxarıb. Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Məhkəmə prosesində şahid kimi ifadə verən Saibə Yüksəlirin 28 yaşlı qızı Günay Yüksəlir R.Aracının hadisədən əvvəl onun anasını ölümlə təhdid etdiyini bildirib.
"Son beş ildə anam Rahimlə birlikdə yaşıyırdı. Hadisədən bir neçə gün əvvəl anamla görüşəndə dedi ki, Rahim onu ölümlə hədələyir. O, Rahimə 150 min lirə dəyərində üç avtomobil vermişdi. R.Aracıdan şikayətçiyəm", - G.Yüksəlir deyib.
Məhkəmə prosesində ifadə verən R.Aracının dostu Erol G. hadisədən sonra Rahimin ona zəng edərək, sevgilisini öldürdüyünü dediyini bildirib.
Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Milli.Az