Bakı, 4 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti belə tədbirlər Bakı şəhərinin Qaradağ, Suraxanı rayonlarının Polis idarələrinin, eyni zamanda, respublikanın Şabran və Qubadlı Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda baş tutub.
Qaradağ rayonunda 180 nəfərin etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, həddi-buluğa çatmış 9 gəncin, 11 qoca, əlil və xəstə vətəndaşın sənədləri qəbul edilib.
Suraxanıda isə 57 nəfərin vəsiqəsi yeniləri ilə əvəzlənib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 90 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Şabranda anoloji tədbir nəticəsində 25 sakin, ümumilikdə isə ötən ay rayon üzrə 385 nəfər yeni sənədlərlə təmin edilib. Qubadlı rayonunun isə 125 sakininə yeni şəxsiyyət vəsiqələri verilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.