Mətbuat Şurasının Komissiyası bir neçə saytla bağlı şikayəti araşdırdı - FOTO

Mətbuat Şurasının Komissiyası bir neçə saytla bağlı şikayəti araşdırdı - FOTO
14:38 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Publika.az-a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

“Karolina Valiant” mağazasının nümayəndəsi Hüseyn-Xəzər Məmmədovun “yenixeber.org” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, narazılıq doğuran material hazırlanarkən balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. KİV qurumunun əməkdaşları tənqid ruhlu materialda 3 obyekt haqqında kifayət qədər sərt iddialar səsləndirsələr də, qarşı tərəfin mövqeyinin öyrənilməsi və dərci üçün cəhd göstərməyiblər. “Karolina Valiant”ın təmsilçisinin mövqeyi aydın olsa da, onu qısa şəkildə, kontekstdə uyğunsuz formada təqdim ediblər. MŞ adından “yenixeber.org” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.

İclasda “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Bakı şəhəri Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə Heyətinin “emtv.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt rəhbəri şikayətdə qeyd olunan iradları aradan qaldırmağa hazır olduğunu bildirib. Şikayətçi tərəf bununla razılaşıb.

Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin “Xalqxeber.az” və “Dia.az” saytlarına qarşı şikayətinin müzakirəsində xəbər saytlarının təmsilçiləri bildiriblər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb.

Komissiya üzvləri bildiriblər ki, KİV haqqında qanunda ilk mənbəyə istinad əsas götürülür və istinad edilərsə, hər hansı digər KİV-də yer almış materialı yayımlamaqda məsuliyyət yaranmır. Lakin KİV yayımladığı materialla bağlı araşdırma aparmalı,həqiqəti ortaya çıxarmalı, obyektivliyi təmin etməlidir.

Nəzərə alınmalıdır ki, onlayn medianın sürətli inkişafı dövründə, KİV haqqında qanunun 62-ci maddəsindən sui-istifadə halları çoxalmaqdadır. Belə ki cəmiyyətdə tanınmayan, auditoriyası məhdud olan onlayn resurslarda peşə prinsiplərindən uzaq, korporativ məqsəd daşıyan, sifarişli yazılar yerləşdirilir və sonradan həmin yazılar digər KİV-lərdə ilk mənbəyə istinadla yayılır.

Mətbuat Şurası bildirir ki, KİV-lər doğruluğu şübhə yaradan, ehtimal və fərziyələrə söykənən, qarşı tərəfin mövqeyinin əks olunmadığı materialları yayarkən yalnız istinad məsələsinə deyil, həmçinin tənqid olunan tərəfin mövqeyinin öyrənilməsinə də önəm verməlidirlər. Bu cəhət onların ictimai nüfuzu və etibarlılığı baxımından son dərəcə vacibdir. Komissiya hər iki sayta bu xüsusda tövsiyə ünvanlayıb və onları gələcək fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirməyə çağırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/274709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR