Şagirdin intiharında kimdir müqəssir: məktəb, yoxsa valideyn?

Şagirdin intiharında kimdir müqəssir: məktəb, yoxsa valideyn?
20:08 8 Aprel 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının 162 nömrəli məktəbində səkizinci sinif şagirdinin intiharı ölkədə gündəmə çevrilib. Hadisənin gündəmdən düşməməsinin əsas səbəblərindən biri valideyn və məktəbin bu hadisədə bir-birini ittiham etməsidir. Bu ittihamlar siyahısına hər gün yenisi əlavə edilir. Məktəbdən bildirilir ki, uşağın ailəsində problem olub. Qızın anası isə əksinə övladının probleminin məktəbdən qaynaqlandığını deyir. Anası iddia edir ki, qızını bu məktəbə qoyandan sonra problemlər yaranıb.

“Məktəbdə uşaqlar onu ələ salmağa və müxtəlif aşağılayıcı adlar qoymağa başlayıblar. Sonradan hücumlar daha aqressiv hal alıb. Qızım evə gəlib ağlayırdı, soruşanda heç nə demirdi. Son iki həftə ərzində qızım dərslərini buraxmağa başlayıb. O, çantasını götürüb, məktəb saatında evdən çıxırmış, vaxtında da evə qayıdırmış. Ancaq sonradan məlum olub ki, sən demə, bu vaxt ərzində məktəbdə nadir hallarda gözə dəyib. Elina təhsilə olan marağını itirib, kafi və qeyri-kafi qiymətlər almağa başlayıb. Ancaq görünən odur ki, bu, təhsil ocağında az adamı maraqlandırıb”.

Bu gün isə məktəb direktorunun səs yazısı yayıldı. Direktorun qızın valideyni ilə bağlı ittihamı qalmaqalı bir az da artırdı.

Bu xəbərlər fonunda problemlə bağlı fikirlər də haçalanır. Təbii ki, bu nə ilk, nə də son hadisə deyil.

Kiçik bir təcrübəni bölüşmək istəyirəm. İsrail məktəblərində narkotikə marağı olan şagirdlər üçün xüsusi proqram mövcuddur. Bu şagirdlər sübh tezdən evindən götürülür və o, axşam saatlarına qədər xüsusi təlim mərkəzlərində müxtəlif fəaliyyətlərə cəlb olunur, diqqəti meyil və maraq dairəsində olan işlərə yönləndirilir. Çox gərgin və uzun sürən həmin proses nəticəsində yeniyetmələrin böyük hissəsini narkotikin qurbanına çevrilməkdən xilas etmək mümkün olur.

Yəni hətta narkotik istifadəçisi olan şagirdi bu yoldan xilas etmək üçün yollar axtarıldığı vaxtda, biz psixoloji problem olan uşaqları xilas etmək üçün nələr edirik?

Millət vəkili Fazil Mustafa Publika.az-a bildirib ki, konkret bu hadisədə həm ailə, həm də məktəbdə problem var. Bu halın qarşısını almaq üçün müəyyən addımlar atıla bilər:

“Lakin hər bir addım maddi dəstəyə əsaslanmalıdır. Müəllimlərin uşaqla əlavə məşğul olması üçün maddi dayanıqlığı çox zəifdir. Şagirdlərin stresdən xilas olması üçün fiziki imkanları da məhduddur. Buna görə də problem qarşılıqlıdır. Ailədə sosial sıxıntılar var, bunun da qarşısını almaq çətindir. Məsələyə birtərəfli baxış mümkün deyil, müəllim, məktəblə ev arasında əlaqənin sağlam şəkildə qurulmasına ehtiyac var. Lakin bu məsələ hazırda təhsil sistemimizdə problemdir. Ona görə də tərəflər məsələni bir-birinin üzərinə atmaqla çıxış yolu tapmağa çalışır. Bununla yanaşı uşaqların narkomaniya, siqaretə aludəçiliyi də məktəblə evin əlaqəsinin olmamasından qaynaqlanır. Bu baxımdan məsələ çox ciddidir. Hesab edirəm ki, ölkədə təhsili köklü şəkildə dəyişmək üçün əsaslı sərmayə qoyulmalıdır. Valideyn övladını rahatlıqla məktəbə göndərməli, məktəb də öz funksiyasını layiqli səviyyədə yerinə yetirməlidir”.

Məktəbdəki psixoloqun çətinlik, gərginlik, travma yaşamış şagirdə dəstək olmasının vacibliyinə toxunan millət vəkili bildirib ki, bu məsələdə də qarşılıqlı anlaşma vacibdir:

“Bəzən valideynlər də müəllimlərin yanaşmasını yanlış anlaya bilir. Bir çox hallarda müəllimin uşağa sadəcə toxunması onun şantaj edilməsi ilə nəticələnir. Yəni məktəblərlə valideynlər arasında qarşılıqlı etimad mühiti yoxdur. Dövlət siyasəti bu problemin həllinə yönəlməlidir. Çünki cəmiyyətdəki psixoloji gərginlik bu cür fəsadlara səbəb ola bilir”.

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, bu məsələni məktəbin məsuliyyətsizliyi kimi qəbul etmək doğru deyil:

“Şagirdin intiharı ilə bağlı videoya baxmışam, o ani bir şəkildə pəncərə qarşısına gəlir və özünü atır. Məktəb rəhbərliyi, psixoloq bunun qarşısını ala bilməzdi. Şagirdin bir neçə məktəb dəyişdirməsi onun problemli uşaq olduğunu göstərir. Bizdə olan məlumata görə qız normal həyat tərzi sürməyib, ailənin dağılmasından sui-istifadə edib. Bu fərdi halı məktəbin, ya da hər hansı qurumun nəzarətsizliyi kimi qələmə vermək doğru deyil. Məktəbdə uşaqlar bir-birini itələyibsə, müəllim uşağı intihar həddinə çatdırsa bu məktəblə bağlı ola bilər. Lakin bu məsələni çox araşdırdım. Nəticədə problemin məktəbdən qaynaqlanmaması qənaətinə gəldim. Hətta bəzi məlumatlara görə qız narkotik istifadəçisi olub”.

Məktəbin problemli olan bu şagirdlə bağlı hansı addımı atdığından xəbərsiz olduğunu deyən ekspert yenə də əsas məsuliyyətin ailənin üzərində olduğunu deyib:

“Şagirdin günün yalnız müəyyən saatlarını təhsil müəssisəsində olmasını qəbul etməliyik. Günün əsas hissəsi şagird valideynin ixtiyarında olur. Düzdür, məktəb rəhbərliyi şagirdin problemlərindən xəbərdar olub, lakin elə hallar olur ki, qarşısını almaq olmur. Ola bilər ki, məktəbdə tədbir görüb, lakin nə qədər yaxşı psixoloq da olsa, heç də problemin qarşısını ala bilmirlər. Burada telefon, digər informasiya kommunikasiya texnologiyalarının rolu var. Ona görə də bu hadisəni ümumi təhsil sistemindəki vəziyyətlə bağlamaq doğru deyil”.

Pixoloq Narınc Rüstəmova bildirib ki, aparılan araşdırmalara görə uşaqlar və yeniyetmələr arasında intihar halları daha çoxdur. Psixoloqun sözlərinə görə bu, təsadüfi hal deyil, hər bir intiharda məktəb, valideyn və yeniyetmə arasındakı əlaqə vacib rol oynayır:

“Ona görə də tərəflər günahı bir-birinin üzərinə atmaqdansa, öz üzərlərinə düşən vəzifələrə diqqət etməlidirlər. Məsələn, məktəb psixoloqu mütəmadi şagirdlərlə görüşməli, mövcud psixoloji problem aşkarlanıb müəllimlər məlumatlandırılmalıdır. Uşağın intihar etmək niyyətinin olduğunu əvvəldən müəyyən etmək olur. Çünki həmin uşaqlar daha çox özünə qapanır, ətrafla ünsiyyətləri zəif olur. Müəllimlər diqqəti davranış pozğunluğu olan uşağa yönəldir, bu cür sakit uşaqlar diqqətdən kənarda qalır. Valideynlər də uşağın dinlədiyi musiqidən tutmuş, kompüterdə axtarışları, oxuduğu məlumatlar daim araşdırılmalıdır. İntihar etmək istəyən uşaqlar daha çox ölümə köklənən rok janrında musiqilər dinləyirlər. Bəzən internetdə intiharla bağlı araşdırma aparır, bəzən kiçik intihar cəhdləri olur. Qapalı paltar geyinən, qollarını bağlayan uşaqlara diqqət artırılmalıdır. Valideynlər bəzən ətrafdakıların eşitməməsi üçün uşağı psixoloq yanına aparmaq istəmir. Məktəb isə yeniyetməlik yaşında olan uşaqların psixoloji problemlərdən uzaqlaşdırmaq üçün rəqs, musiqi, idman qrupları yarada bilərlər. Bu da uşaqların daha da sosiallaşmasına imkan yaradacaq, bu da intihar riskini azalda bilər. İnsan özünü dəyərsiz hiss edəndə intihar edir, ona görə də yeniyetməyə özünü dəyərli hiss etdirmək lazımdır. Müəllim pxisoloji və ya davranış pozuntusu olan uşaqdan valideyninə şikayət etməklə işini bitmiş hesab etməməlidir. Əksinə ona öz övladı, problem kimi yanaşmalıdır. “Ailə tərbiyəsi görməyib” deyərək bütün məsuliyyəti valideynlərin üzərinə atmaq doğru deyil. Valideyn və müəllimlər yeniyetməlik vaxtında onları əzəcək, alçaldacaq ifadələr işlədilməməlidir”.

Psixoloq vurğulayıb ki, uşaqları yeniyetməlik yaşında intihara aparan digər bir səbəb sevgi hekayələri olur:

“Birini sevdiyini deyən uşağı tərbiyəsiz kimi qələmə vermək, təzyiq göstərmək, bu məsələni ictimaiyyətə açıqlamaq doğru deyil. Ailə dəyərlərini qorumaqla uşağın sevgisini yaşamasına şərait yaradılmalıdır. Çünki uğursuz sevgi yeniyetmələri ümidsizliyə salır. Belə hal eşidiblərsə, birinci uşaqla danışmalıdırlar. Xüsusən yeniyetməlik dövründə uşaqlara qarşı həssas olmaqda ailə faciələrinin qarşısını ala bilərik.Valideynlər fikirlərini uşaqları ilə paylaşmalıdır, onlardan məsləhət almalıdır. Uşağı sorğu-sual etməklə, fikirləri paylaşmaq eyni deyil. Bu zaman sağlam münasibət olmur. Hətta öz yeniyetməlik sevgilərindən uşaqlarına danışa bilərlər. Qarşılıqlı fikir paylaşımı olan ailədə intihar da az olur. Müəllim, uşaq və məktəb arasında əlaqə olmalıdır”.

Gülxar Şərif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/274997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR