Türkiyədə 31 mart bələdiyyə seçkilərində qeydə alınan seçki pozuntuları ilə bağlı səslərin yenidən sayılması prosesi davam edir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.
Nəşr Cümhur İttifaqının namizədi Binəli Yıldırımın 13 min 302 səsinin oğurlandığının aşkar edildiyini yazıb.
CHP-nin İsranbul millət vəkili Özgür Karabat səs fərqinin 29 min 408-dən 15 min 806-ya düşdüyünü açıqlayıb.
Yoxlama aparılan 11 sandıqdan Binəli Yıldırımın lehinə 2 min 59 səs əlavə edilib.
Arnavutköy bölgəsində Binəli Yıldırımın lehinə 1949 səs əlavə edilib. Belə ki, AKP-nin etirazlarından sonra Yıldırıma 1221 səs yazılıb, etibarsız səslərin sayılmasından sonra daha 193 səsin Binəli Yıldırımın lehinə olduğu ortaya çıxıb. İmamoğlunun burada 535 səsi silinib.
AKP-nin sədr müavini Əli İhsan Yavuz isə İstanbulun Böyükçəkməcə ilçəsində mütəşəkkil seçki pozuntularından danışıb:
“Mütəşəkkil seçki pozuntularının olduğu aydın şəkildə görünür. İlçə bələdiyyəsində çalışan bir işçi 28 mart 2017-ci ildə siyahıyaalma idarəsinə göndərilib. Həmin şəxs saxta sənədlərlə bir sıra işlər görüb. Buradan 353 nəfər hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şəxs 7 min 486 nəfərin qeydiyyatında şübhəli işlər görür. 7 min 282 nəfər İstanbuldan və ya ilçədən olmayan şəxs Böyükçəkməcəyə sürüşdürülür. 100 ədəd ünvan dəyişikliyi sənədində şəxslərin imzasının olmadığı müəyyən edilir. Bu şəxs 104 boş sahəyə insanların qeydiyyatını aparır. 36 tikinti, 35 saxta ünvan, 269 yaşayış olmayan, 31 müraciət edilməyən, 129 boş tikinti mənzilində şəxsləri qeydiyyata alır. Bu yollarla 11 min 186 nəfərin qeydiyyatının Böyükçəkməcəyə gətirildiyini müəyyən etdik”.