Naxçıvan, 5 may, AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır”, – deyən ulu öndər Heydər Əliyev həyatını ölkəmizin müstəqilliyinin qorunmasına, möhkəmlənməsinə, inkişafına həsr edib. Ümummilli Lider 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını alıb, inkişafa nail olub. Dahi rəhbər 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək, onu demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən açıq dərsdə danışılıb.
Muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, dahi rəhbər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.
Ramil Orucəliyev ulu öndər Heydər Əliyevin milli müstəqilliyin əldə olunmasında və qorunmasında, Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətə malik bir dövlət kimi inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində əvəzsiz rolundan danışaraq, Azərbaycan tarixində “Heydər Əliyev erası” kimi səciyyələndirilən inkişaf yolunun ayrı-ayrı mərhələləri haqqında açıq dərs iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, Ulu Öndərin həyat və fəaliyyəti, millilik ideologiyası, Vətən sevgisi gələcək nəsillər üçün qiymətli mirasdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyasını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınması, dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dönməzdir, əbədidir, daimidir.
Sonra tələbələr ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

