Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir (FOTO)

Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir (FOTO)
21:50 25 Aprel 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprelin 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Yasamal rayon təşkilatının V hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransdan əvvəl iştirakçılar YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin təşkilatın foyesindəki büstü önünə gül çələngi qoydular.

Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiya üzvləri arasında çoxluq təşkil edən gənclərin hesabat dövründəki fəaliyyətindən bəhs edərək bildirib ki, siyasi hazırlıqları ilə fərqlənən yeni nəslin nümayəndələri partiyanın işində fəallıq göstərirlər:

- Bu gün Azərbaycan gəncləri müstəqil dövlətimizin fəal qurucularıdırlar. Bu, böyük xoşbəxtlikdir. Hər bir azərbaycanlı kimi, gənclərimiz də belə qüdrətli bir ölkənin vətəndaşları olduqları üçün fəxr edir, qürur duyurlar. Ölkəmizin hərtərəfli inkişafında fəallıq göstərən gənclərimiz iqtisadiyyatımızın müxtəlif sahələrində çalışmaqla siyasi hazırlıqları ilə də fərqlənir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Gənclərə həmişə böyük ümidlə baxan, onlara qayğı göstərən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər ilin 2 fevral tarixi Azərbaycanda «Gənclər Günü» kimi qeyd olunur. Ölkə Prezidenti, YAP-nın Sədri, gənclərin hamisi İlham Əliyevin vurğuladığı kimi ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Respublikada keçirilən prezident, parlament, bələdiyyə seçkilərində, təbliğat-təşviqat kampaniyalarında nümunə göstərən gənclərimiz fləşmobların təşkilində, seçicilərlə söhbətlərdə nümunə göstərmişlər.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək gənclərlə aparılan işlərdən ətraflı danışıb. Bildirdi ki, paytaxtın intelleki mərkəzlərindən sayılan Yasamal rayonunda ali təhsil ocaqları çoxluq təşkil etdiyindən Birliyimizin üzvləri siyasi hazırlıqları, təhsildə qazandıqları uğurları ilə də seçilirlər:

- YAP Yasamal rayon təşkilatı ətrafında 31500 üzvü birləşdirir. Onlardan12.300 nəfərini gənclər, 4200 nəfərini qadınlar təşkil edir. Təkcə ötən ildə 961 gənc rayon təşkilatına üzvlüyə qəbul olunmuşdur. Üzvlərimizin 7050 nəfəri ali, 4700 nəfəri orta- ixtisas təhsillidir. Üzvlərimiz arasında 31 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru vardır. Partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğını bu gün daha yüksək səviyyədə davam etdirən cənab İlham Əliyevin bizlərə göstərdiyi diqqətə ən layiqli cavabımız dövlət başçımızın ətrafında sıx birləşərək onun siyasətini əməli işimizlə doğrultmaqdır.

Hesabat məruzəsi ətrafında çıxış edən gənclərdən Anar Cəfərov, Vəfa Mürsəlzadə, Bayram Aslanov bildiriblər ki, biz gənclər təhsildə, şəxsi həyatımızda, çalışdığımız sahələrdə üzərimizə düşən vəzifələri yerinə yetirməklə üzvü olduğumuz YAP-ın ideyalarına sadiqliyimizi dövrün çağırışlarına əməli fəaliyyətimizlə bildirəcəyik.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova gənclərə xitab edərək onları ulu öndər Heydər Əliyev ideyalarına sadiq yenilməz qüvvə adlandırıb:

- YAP-ın üzvü olmaq elə Ulu Öndərin ideyaların davam etdirən ziyalı potensialı deməkdir. Azərbaycan gəncliyi ölkəmizin diplomatik uğurlarının qazanılmasında da iştirak edir. Beynəlxalq idman yarışlarında qələbə qazanan gənclərimizin Azərbaycan bayrağını yüksək pillələrdə dalğalandırması bütünlükdə gəncliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın Sədri cənab İlham Əliyevin qarşıya qoyduğu vəziflərdən biri də yeni təfəkkürlü insan yetişdirmək, gənclərimizi azərbaycançılıq ideyalarına sadiqlik ruhunda tərbiyə etməkdir. Sevindirici haldır ki, bugünkü gəncliyimiz bütün çağırışlara cavab verə biləcək səviyyədə hazırlıqlıdırlar. Sizlərin bütün sahələrdə qazandığınız uğurlar bütünlükdə Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.

Bahar Muradova mövcud olan potensialdan örnək götürən gəncləri daha inamlı olmağa, sabaha ümidlə baxmağa çağıraraq onlara dövlətçilik işlərində, şəxsi həyatlarında uğurlar arzuladı.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, bu gün Azərbaycan gəncliyi partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələri şərəfli işi ilə doğruldur, bu adı ləyaqətlə daşıyır.

-Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı partiyada təmsil olunan gənclərimiz fəallıqlarını artırır, Vətənə layiqli xidmətləri ilə fərqlənirlər. Yasamal rayonunda yaşayan gənclərin partiyanın rayon təşkilatında çoxluq təşkil etməsi YAP ümumxalq inamının nəticəsidir. Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai işlərdə də fəallıq göstərirlər. Ərazi və əhalisi baxımından çox böyük olmasa da, ölkəmizin qüdrətli dövlət kimi dünya birliyində tanınmasında xüsusi rolu və xidmətləri olan gənclərimiz minlərlədir. Azərbaycanın həmmüəllifi olduğu, qitələri birləşdirən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması təkcə region üçün deyil, bütünlükdə dünya dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Reallaşan layihələrin davamı olacaq daha möhtəşəm işlər məhz bugünkü gənclərin iştirakı ilə həyata keçiriləcək. Buna görə də gənclər fəallıqları ilə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, Azərbaycanın uğurlarına qısqanclıqla baxan mənfur niyyətli qüvvələrə siyasi hazırlıqları, elmdə, iqtisadiyyatda qazandıqları nailiyyətlərlə cavab verməlidirlər. Yaramaz və yarıtmaz milli xəyanətkarlarımızın təxribatlarına sosial şəbəkələrdə fəallıq göstərməklə cavablar verməlidirlər. Belə qərəzli dairələrə ən layiqli cavab isə Azərbaycanın dinamik, uğurlu inkişafı, siz gənclərin xoş sədanız olacaq. Gəncliyimizin varlığı, xalqımızın tükənməz potensialı daha qüdrətli Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyidir.

Konfransda təşkilatı məsələlərə baxıldı. İlqar Quliyev YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Gənclər Birliyinin 25 nəfərdən ibarət İdarə Heyəti, 61 nəfər Şura üzvü seçildi. YAP Respublika Gənclər Birliyinin konfransında iştirak edəcək gənclər müəyyənləşib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3052379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR