“Gördüm sevdiyim qızdı, qucağında uşaq üzümə baxır”

Rayonumuzda daha bir maraqlı adamın sorağını aldıq. Hidayət kişi öz evinin divarlarına oboy əvəzinə müxtəlif siqaret qutusunun kağızları ilə inanılmaz formada naxışlar düzüb. Onun bu qeyri-adi sənətini görən hər bir kəs divarlara həkk olunmuş naxışların gözəlliyinə, 70 yaşlı kişinin fantaziyasına heyran qalır. Biz bu sənət əsərlərini fotoya aldıqdan sonra Hidayət kişi ilə söhbətə başladıq.

- Əmi, eşitdim, taksi sürücüsü işləyirsiniz.

- Düz, 47 ildi sürücülüklə məşğulam. 11 il avtobazada müdir sürücüsü olmuşam. 36 ildi ki, taksidəyəm. Böyüklə böyüyəm, kiçiklə kiçik. Maşınıma minənlərin yükünə kömək eləyirəm, münasib qiymət deyirəm. Kin-küdurətdən uzaq adamam, ona görə indiyə qədər həkimə getməmişəm.

- Çox gözəl! Baxıram, yaşınıza görə çox enerjili, çeviksiniz. Bəs, bu işə nə vaxtdan başlamısınız?

- Bu ideya mənim beynimdə hardasa 1985-ci ildən yarandı. Ondan sonra siqaret qutularının blok kağızlarını yığmağa başladım. Düz 10 il blok kağızı və siqaret qutusu topladım. Tanış mağazalardan da bu işdə kömək eləyirdilər. Təxminən on minə yaxın kağız əldə etdikdən sonra divar üzərində işləməyə qərar verdim.

- İşlətdiyiniz əsasən hansı siqaretin kağızlarıdı?

- Ən çox “Dream” və “Viceroy” siqaretlərindən istifadə eləmişəm. Fikir versəniz görərsiniz, bir çox naxışları kağızlardakı həriflərdən kəsib düzəltmişəm. Ancaq ötəri baxanda həmin hərflər o qədər də nəzərə çarpmır.

- Niyə, məhz, o siqaret kağızlarını işlətmisiniz?

- Sərt siqaret olmasına baxmayaraq “Dream”in qutusunda azadlıq rəmzləri vardı. Həmin simvollardan yaxşı naxışlar ala bilirdim. Gördüyünüz lalələri də həmin simvollardan düzmüşəm.

- Neçənci ildən başlamısınız bu işə?

- 1995-ci ildən bu işlə məşğulam. Axşam işdən gələn kimi kağızları stolun üstünə tökür, qayçı ilə lazım olan yerlərini kəsib fantaziyamı işə salırdım. Bu məşğuliyyətlə canımdakı yorğunluğumu çıxarır, mənəvi ehtiyacımı ödəyirəm. Həm də burda səbr əsas şərtdi. Bu iş ürəyimdən olduğuna görə, əsəblərimə də yaxşı təsir eləyir. Çoxlu sayda göz oxşayan naxış kəşf eləmişəm. Fikrim insanları sevindirməkdi.

- Bəs, yenə yığırsınızmı o kağızlardan?

- Artıq Azərbaycanda o siqaretlərdən satılmır. Fikir verdinizsə, naxışlarda hərdən “Kosmos” və başqa siqaretlərin də kağızlarından istifadə etmişəm. Düşünürəm ki, işim hələ çoxdu. Artıq başqa siqaret kağızlarını toplamağa başlamışam.

- Mənə elə gəlir, daxilinizdə qeyri-adi bir uşaq gizlənib, siz də onun istedadını bu yolla çölə çıxarırsınız. Çox maraqlıdı, sürücülükdən başqa hansı sənəti bacarırsınız? Yəni başqa sənət təhsiliniz, iş təcrübəniz varmı?

- Cavanlıqda Tovuzun “Məhsul” futbol klubunda müdafiəçi oynamışam. Gəncə 27 nömrəli texniki peşə məktəbində qaz qaynaqçısı sənətinə yiyələnmişəm. Ayaqqabı sexində dəridən ayaqqabı tikmişik. Qovlar Sovxoz Texnikumunu bitirmişəm. Əsgərlikdə kran ustalığını öyrənmişəm. Nə bilim, elə gənclikdən bu yana şeir yazıram.

- Şeirlərinizdən birini deyə bilərsinizmi?

- Mənim müxtəlif mövzuda şeirlərim var. Sizi hansı motiv maraqlandırır?

- Sevgi şeirləriniz varmı?

- Əlbəttə var! Ancaq cavanlıqda yazdıqlarımdı.

- Birini deyin gəlsin.

- Birini deyəcəm, ancaq gərək şeirin yaranma əhvalatını da danışam.

- Çox gözəl, belə daha maraqlıdı.

- Demək, orta məktəbdə oxuyanda bir qızla biri-birimizi sevirdik. 1967-ci ilin sentyabrında rayondan qatarla Bakıya, ordan da əsgərliyə getməli idim. Həmin gün qızın yaxınlarından birinə dedim, ona deyin, axşam vağzalda məni yola salmağa gəlsin. Özüm də qıza hədiyyə üçün girib univermaqdan, o vaxtlar bahalı sayılan, “Krasnaya Moskva” ətri aldım. Qatar gələnə qədər sevdiyim qız gəlib çıxdı. Söhbətləşəndə ətri ona verdim və dedim, səni sevirəm, məni mütləq gözləyərsən. O da dedi, onda nişan üçün barmağıma bir üzük tax. Dedim, bu dar macalda üzüyü hardan tapım, onu əsgərlikdən qayıdanda alaram, evlənərik. Nə isə, beləcə mindim qatara. Bizi Rusiyanın Saratov vilayətinə apardılar. Balaşov şəhərində 9 ay aviasiya mexaniklər məktəbində dərs keçdikdən sonra hərbi qulluq üçün Macarıstana gətirdilər. Orda qızla məktublaşmaq qərarına gəlmişdim. Bir neçə dəfə dostlarıma yazdım ki, gedib o qızın ünvanını öyrənsinlər. Namərdlərin heç biri mənə cavab yazmadı. Fikirləşdim, məktubum kiminsə əlinə keçə bilər, yaxşısı budu, əsgərlikdən qayıdanda biryolluq görüşüm onunla. Nə isə, əsgərliyi başa vurub rayona qayıtdım. Bir neçə gündən sonra pasport stola getdim. Pasport stolun dar pilləkənində, qucağında körpə uşaq tutmuş bir xanım qarşıma çıxdı. Çəkilib yol verdim. Gördüm, xanım dayanıb üzümə baxır. Fikir verəndə gördüm nə, bu, həmin sevdiyim qızdı. Tez bir tərəfə çəkilib söhbətləşdik. Məlum oldu ki, mən əsgərlikdə olanda başqasına ərə gedib, ancaq qurduğu ailə heç də ürəyindən deyil. Mən çox pis olmuşdum. Gücüm şeir yazmağa çatırdı, evə qayıdanda bu şeiri yazıb ona göndərdim:

Mən səni görəndə belə deyildin
Deyəsən, borana-qara düşübsən
İnanmadın məndə olan ilqara
Görürsənmi beilqara düşübsən.

Məhəbbət əyilməz vuranda külək
Adama allahdan bəxt ola gərək
Sənin yerin idi məndəki ürək
Özün gedib yad diyara düşübsən.

Hidayətə qəsd elədin, xeyri nə?

Mən çox dedim o vaxt sənin xeyrinə
Daş-qaş oldu ancaq düşən meylinə
Tamahınla taxı qara düşübsən.

Şeiri göndərəndən sonra rəfiqələri gəlib dedilər, sən ona nə yazmısansa, yazıq qız iki gündü ağlayır. Nə isə, sonralar eşitdim, heç onun da taleyi yaxşı gətirməyib, boşanıb, təzədən ailə qurub.

- İlk məhəbbət şeiri, təsirli hadisədi. Ancaq söhbətimizi kədərli bitirməmək üçün, gəlin, mövzunu dəyişək.

- Hə, dəyişsək yaxşıdı.

- Bəs siqaret çəkmək, araq içməklə aranız necədi?

- Kağızlarından naxış vursam da siqaret çəkmirəm, ancaq düşəndə xırda-xırda “vururam”. İndiki araqların xoşagəlməz iyi var, ona görə quru dəfnə yarpağını yandırıb arağa batırıram ki, qoxu olmasın. Əslində adamı sərxoş eləyən həmin iydi.

- Həə, çox gözəl. Bilirdim ki, içməyən adam belə naxışlar icad eləyə bilməz. Əmi, oboy düzəltməyə davam eləyəcəksinizmi?

- Əlbəttə, hələ çox ideyalarım var.

“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX
“Krasnaya Moskva”, qəfil məktub, siqaret qutusundan divar kağızı -  ƏYALƏTDƏ KİM VAR, KİM YOX