Bakı, 8 may, AZƏRTAC
“Caspian European Club” mayın 13-də iki biznes-forum təşkil edəcək ki, birinci biznes-forum Azərbaycan energetika naziri Natiq Əliyevin, ikinci isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun sədrliyi ilə keçiriləcək.
“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, biznes-forumlar çərçivəsində Azərbaycanın energetika sahəsinin inkişaf perspektivləri gözdən keçiriləcək, klubun üzv şirkətlərinin sual və təklifləri dinləniləcək, dövlət qurumlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişlənməsinin perspektivləri müzakirə ediləcək. “Caspian European Club” üzv şirkətlərə göstərilən sabit dəstəyə və onlarla aparılan fəal dialoqa görə Energetika Nazirliyinin və SOCAR-ın rəhbərliyinə minnətdardır.
Qeyd edilib ki, biznes-forum çərçivəsində şirkətlərin onları maraqlandıran suallara cavab almaq, Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həll yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında fəal dialoq üçün təkliflər irəli sürmək imkanları olacaq.
“Caspian European Club”un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər.