Daxili Qoşunların şəxsi heyəti tərəfindən törədilən cinayətlərin sayı xeyli azalıb

Daxili Qoşunların şəxsi heyəti tərəfindən törədilən cinayətlərin sayı xeyli azalıb
19:18 15 Yanvar 2015
134 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin 2014-cü ildə əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Nazir Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıraraq şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

Qeyd olunub ki, görülmüş işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərilərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Daxili Qoşunlar komandanı ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, maddi-tədris bazasının inkişaf etdirilməsinin, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara yüksək peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq qrup halında nizamnamədən kənar münasibətə yol verilməyib, 2013-cü illə müqayisədə ötən il Daxili Qoşunların şəxsi heyəti tərəfindən törədilən cinayətlərin sayı 43 faiz, ölüm halları 36 faiz, kobud intizam pozuntuları 30 faiz, xırda hüquqazidd hadisələr 30 faiz, bədən xəsarətlərinin sayı 23 faiz azalıb.

Ötən il şəxsi heyətin kazarma-məişət şəraitinin yaxşılaşdırılması və müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində nəzərdə tutulan işlər uğurla icra edilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

O deyib ki, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.

Nazir bu il baş tutacaq I Avropa Oyunları və parlament seçkiləri ilə əlaqədar, Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.

General-polkovnik R.Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarının zəruriliyini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, ölkəmizdə daxili sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrin qarşısı qətiyyətlə alınacaq, Daxili Qoşunların hərbi qulluqçuları qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR