Biləsuvar, 9 may, AZƏRTAC
Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə YAP rayon təşkilatının Gənclər Birliyi, gənclər və idman idarəsinin təşkilatçılığı ilə məktəblilər arasında yaradıcılıq festivalı keçirilib.
Festivalın açılışında çıxış edən icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova Ulu Öndərin gənclərin hərtərəfli inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının tapşırığı ilə son illərdə rayonda 13 yeni məktəbin istifadəyə verilməsi, 6 məktəbin əsaslı təmir olunması, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ötən il Biləsuvarda 100 və 200 yerlik uşaq bağçalarının tikintisi bunun bariz nümunəsi kimi səciyyələndirilib.
“Ümummilli Lider gəncliyi dövlətin gələcəyi hesab edirdi”, - deyən rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov yaradıcılıq festivalı haqqında məlumat verib. Bildirib ki, festival çərçivəsində inşa və şeir müsabiqəsi, “Kim? Nə? Harada?" intellektual oyunu keçirilir. Hər müsabiqə üzrə 26 komanda, ümumilikdə 280 gənc yarışır. Festivalın əsas məqsədi isə Ulu Öndərin zəngin həyat və fəaliyyətinin gənclər arasında geniş təbliğ olunmasıdır. İki gün davam edən festivalın qalibləri mükafatlandırılıb.

