Xocalı soyqırımının şahidi Amerikanın “The Jewish Journal” nəşrində öz faciəsindən bəhs edib

Xocalı soyqırımının şahidi Amerikanın “The Jewish Journal” nəşrində öz faciəsindən bəhs edib
20:53 12 May 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 12 may, AZƏRTAC
Amerikanin “The Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın “Salamat qalma tarixçəsi və şəfa qüvvəsi başqa faciələrlə tanış olmaqdadır” sərlövhəli məqaləsini dərc edib. (http://www.jewishjournal.com/opinion/article/a_story_of_survival_and_the_healing_power_of_familiarity).
Məqalədə erməni hərbi qulluqçularının hər cür təhqirlərinə məruz qalmış bir insanın problemlərindən, ənənəvi mülahizələrə və mədəni məhdudiyyətlərə görə öz acı təcrübəsini dünyaya çatdırmağın qeyri-mümkünlüyündən və nəhayət, erməni əsirliyindən qurtulmuş bir insanın başqa soyqırımlarının təfsilatı və şahidləri ilə tanış olarkən şəxsiyyətinin dəyişməsindən bəhs edilir.
Müəllif dünyaya daha çox məlum olan soyqırımlarından, o cümlədən Holokostdan, Bosniyada, Kambocada, Ruandada və digər ölkələrdə dinc sakinlərin kütləvi qırğınından bəhs edərək Xocalıda üzləşdiyi faciəvi hadisələrdən və sonrakı illərdə aldığı psixoloji zərbədən söhbət açır. D.Ağayeva yazır ki, o, erməni hərbçiləri tərəfindən əsir götürülüb və əsirlikdə çox təhqiramiz işgəncələrərə məruz qalıb. Hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirib, çünki Azərbaycan qadını kimi onun şəxsiyyətinin təməli vəhşicəsinə məhv edilmişdi. Müəllif yazır: “Sonralar o, evdən bayıra çıxmayıb, Holokost haqqında filmlərə, o cümlədən “Şindlerin siyahısı” və “Pianoçu” filmlərinə dönə-dönə tamaşa edib. Holokost onun üçün öz şəxsi təcrübəsi ilə müqayisə edə biləcəyi yeganə paraleldir.
D.Ağayeva yazır ki, erməni qoşunları Xocalıda bəşəriyyətin ən yeni tarixində ən dəhşətli kütləvi qırğınlardan birini törədərkən onun cəmi 22 yaşı vardı. Müəllif qeyd edir ki, Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər barədə faktları nə üçün təkzib etdiyini başa düşür, axı dinc sakinlərə qarşı xüsusilə amansız, qeyri-insani hərəkətlərdə öz rolunu etiraf etmək asan deyil. O yazır ki, gözləri qabağında iki yaşlı azərbaycanlı uşağın öz valideyinləri ilə birlikdə necə gülləbaran edildiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüklərinin şahidi olub və Xocalıda bu kütləvi qırğınları törədənlərdən heç biri heç vaxt bu vəhşiliklərə görə məsuliyyəti öz üzərinə götürmək istəməyəcək.
D.Ağayeva daha sonra yazır ki, onun təkcə işgəncələrə və zorakılıqlara görə deyil, həm də ermənilərin təhqirləri haqqında ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək çətindir. Lakin müəllif qeyd edir ki, o, başına gələn əhvalatı yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini anlayıb.
2015-ci ilin fevralında Dürdanə Ağayeva Kaliforniyada olub, orada sülhün təmin edilməsi üçün qlobal səylər göstərən yəhudi icmasının rəhbəri ilə görüşüb və onunla birlikdə Amerika radiosunda çıxış edərək öz acı təcrübəsindən danışıb. D.Ağayeva öz əhvalatını dünya ictimaiyyətinə çatdırmaq istədiyini bildirərək yazır: “Xocalı soyqırımı insan rəzilliyinin ən alçaq təzahürü nümunəsidir. Lakin indi Los-Ancelesin yəhudi icması ilə əməkdaşlıq sayəsində əlaqə yaradılıb və sükut pozulub. Mənim üçün bu, hər şeyi dəyişir”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_soyqiriminin_sahidi_Amerikanin_The_Jewish_Journal_nesrinde_oz_faciesinden_behs_edib-854397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR