Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası 5 ölkədən olan idmançılar üçün İçərişəhərdə (sprint, 3 kilometrədək) və Şabran rayonundakı Qalaaltıda (orta məsafə - 7,5 kilometrədək) qaçışlar təşkil edib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda həm peşəkar, həm də veteran idmançılar iştirak ediblər. Yarış “Silk Way of Orienteering” beynəlxalq layihəsi çərçivəsində təşkil olunub. Bu proqrama əsasən, yarışda iştirak edən qrup bundan əvvəl Gürcüstanda keçirilən turnirdə mübarizə aparıb.
Səmti müəyyən etmə idman növünün Azərbaycandakı inkişaf səviyyəsi dünyada təqdirlə qarşılanır. Ölkəmizdə səfərdə olan səmti müəyyən etmə üzrə dəfələrlə dünya birincisi və mükafatçısı norveçli Yorgen Martenson bildirib ki, idmanın bu növü Azərbaycanda çox qısa müddətdə sürətlə inkişaf edib. Bununla yanaşı, ölkədəki inkişaf dünyada idmanın bu növü üzrə mövcud bütün beynəlxalq qayda və standartlara cavab verir. Son üç il ərzində Azərbaycanda beynəlxalq dərəcəli ukraynalı xəritəçi-mütəxəssis Mixail Puqaç tərəfindən ölkənin müxtəlif regionlarında 15 idman xəritəsi çəkilib. Ən yeni, xüsusilə də İçərişəhər və Qalaaltı xəritələri xarici idmançıların qatıldıqları poliqonu olub. Bu səbəbdən Azərbaycanın regionlarında beynəlxalq standartlara uyğun idman xəritələrinin hazırlanması, eləcə də milli kadrların yetişdirilməsi üzrə müsbət nəticələrin olması yarışların beynəlxalq tələblərə uyğun qaydada keçirilməsi üçün zəmin yaradır.
Yarışlar əvvəlcə İçərişəhərdə, ertəsi gün isə Qalaaltı dağlıq meşə massivində təşkil olunub. Yarışın “A” kateqoriyası üzrə qalibi Y.Martenson, “B” kateqoriyasında isə kişilər və qadınlar arasında müvafiq olaraq norveçli idmançılar Svein Yakobsen və İngeborq Qyennestad birinci olublar. “C” turnirində kişilərin mübarizəsində finlandiyalı Yuhani Yokinen, qadınların yarışında isə isveçli Brit Forsel Pirozzi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası bu ilin sentyabrında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq kubok yarışı keçirməyi planlaşdırır.