Bakı, 13 may, AZƏRTAC
Murmansk şəhərinin mərkəzi stadionunun idman sarayında yunan-Roma güləşi üzrə uşaq festivalının təntənəli bağlanış mərasimi olub.
Bədən tərbiyəsi və idman şəhər komitəsi, habelə Murmansk Şəhər Yunan-Roma Güləşi Federasiyası bu idman hadisəsinin təşkilatçıları olublar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat xidmətinin başçısı Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, ənənəvi yarışlar dostluq və beynəlmiləl əlaqələri möhkəmləndirmək, yunan-Roma güləşini populyarlaşdırmaq, güləşçilərin idman ustalığını artırmaq, Zapolyarye paytaxtının ən güclü idmançılarını üzə çıxarmaq məqsədi ilə keçirilir. Sevindirici haldır ki, yarışlarda çoxlu həmvətənlərimiz iştirak edib.
Həmvətənlərimiz Qurban Əliyev 26 kq-ya qədər, Süleyman Mahmudov 45 kiloqrama qədər, Mənsur Babayev 85 kiloqrama qədər çəki dərəcələrində qalib gəliblər.
Təşkilatçılar ən yaxşı texnikaya görə mükafatı Snejnoqorsk təmsilçisi Denis Maqomedova, qələbə əzminə görə mükafatı həmvətənimiz Süleyman Mahmudova veriblər.