Nyu-Yorkda baş verən hadisənin sorağı Bağdaddan gəlir

Nyu-Yorkda baş verən hadisənin sorağı Bağdaddan gəlir
00:47 4 Oktyabr 2019
108 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda Facebook, Twitter, Instagram, WhatsApp kimi sosial şəbəkələr bağlanıb və paytaxt Bağdadda komendant saatı elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İraqın Baş Naziri Ədil-Əbdül Mehdi bildirib. O deyib ki, komendant saatı rejimi hava limanına və təcili tibbi yardım maşınlarına və həkimlərinə tətbiq edilməyəcək. İraqda internetə çıxış da məhdudlaşdırılıb.

Qeyd edək ki, artıq ikinci gündür Bağdadla yanaşı, İraqın Kərbəla, Bəsrə, Divaniyə kimi böyük şəhərlərində də kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar ölkədə korrupsiya əməllərinə, rüşvətxorluğa son qoyulmasını, iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Daxil olan ilkin məlumatlara əsasən etirazçılarla polis arasında baş verən qarşıdurmada 7 nəfər ölüb, 400-dən çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İran və Qərb mətbuatında İraqdakı hadisələr barədə verilən xəbər və yazıların təhlili onu deməyə əsas verir ki, Bağdadda və digər şəhərlərdəki kütləvi etirazlar siyasi oyundur. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, ABŞ-ın təkidinə baxmayaraq, İraq hökuməti İranla əlaqələri kəsmək fikrində deyil. İran-ABŞ münasibətlərinin BMT Baş Assambleyasının sentyabrın 20-də Nyu-Yorkda keçirilən 74-cü sessiyasında tamamilə düşmənçilik xarakter almasından sonra Prezident Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaları daha da möhkəmlətmək və əhatəli etmək qərarına gəlib. Burada ABŞ Prezidentinin təklifinin Prezident Həsən Ruhani tərəfindən rədd edilməsi məsələsi də nəzərə alınmalıdır. ABŞ mətbuatı yazır ki, Tramp İran ilə danışıqlar aparmayacağını bəyan etsə də, sonra Həsən Ruhaninin Nyu-Yorkda BMT-nin tədbirində iştirakından istifadə etmək istəyib. Tramp Fransa Prezidenti Emmanuel Makrondan xahiş edib ki, onun Ruhani ilə heç olmasa telefon danışığını təşkil etsin. Makron ABŞ Prezidentinin xahişini yerinə yetirərək Ruhaninin yaşadığı mehmanxanaya gedərək onunla görüşüb və ABŞ Prezidentinin xahişini çatdırıb. Xahişə əsasən Həsən Ruhani mehmanxanada onun üçün xüsusi hazırlanmış otağa keçməli və oradakı telefonu qaldırmalı idi. Qalan texniki işlər əvvəlcədən qaydasına qoyulmuşdu. Həsən Ruhani dəstəyi qaldıran kimi Donald Tramp ona cavab verəcəkdi. Bütün bu müddət ərzində isə Tramp telefonun yanında gözləyirdi. ABŞ mətbuatı Trampın İran Prezidentinin zəngini 5 saatdan çox gözlədiyini yazır.

Ruhani Makrona deyib ki, ABŞ Prezidenti ilə danışmaq İran xalqının və dövlətinin maraqlarına ziddir. Makron mehmanxananı tərk edərək Ruhaninin fikrini Trampa çatdırmaq üçün öz otağından zəng vurmağa gedib. Bununla yanaşı, köməkçilərindən birinin oteldə qalıb Ruhaninin xüsusi otağa keçməsini gözləməsini tapşırıb. Lakin 1 saat keçdikdən sonra köməkçi Ruhaninin öz otağından çıxmayacağına əmin olub və Makrona bu barədə məlumat verib. Makron da öz növbəsində, ABŞ Prezidentinə çatdırıb ki, Ruhani təklifi rədd etdi. İran Prezidentinin zəngini 5 saatdan artıq gözləyən Tramp rədd cavabı aldıqdan sonra ciddi şəkildə əsəbiləşib və qərara alıb ki, İrana qarşı iqtisadi təzyiqi artırsın.

İraq hökumətinin mövqeyinə gəlincə isə demək lazımdır ki, İrana təzyiqi artırmaq məqsədilə ABŞ rəsmi Bağdaddan tələb edir ki, Tehran ilə bütün əlaqələri kəssin. Lakin İraq İrandan neft və qaz alaraq tələbatını ödəyir. Bu kəsilsə onsuz da iqtisadiyyatı pis vəziyyətdə olan İraqın vəziyyəti daha acınacaqlı olar.

İraqın Baş Naziri Ədil-Əbdül Mehdi bu barədə bir neçə dəfə rəsmi bəyanatla çıxış edib. O bildirib ki, Vaşinqtonun istəyinə baxmayaraq, İraq İran ilə əlaqələrini davam etdirəcək.

İraq hökuməti təzyiqə davam gətirəcəkmi? Rəsmi Bağdad İran ilə əlaqələrə düzəliş edəcəkmi? Ümumiyyətlə, Bağdad hansı addımı atacaq? Bu sualların cavabını isə hadisələrin gedişi və zaman verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/791368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR