ANS PRESS-in əldə etdiyi məlumatına görə, layihənin rəhbəri və aparıcısı Murad Dadaşovun hər dəfə adını açıqlamaq istədiyi, amma son anda vaz keçdiyi "boz kardinal" elə Elçin Hüseynov idi.
Müşahidələrimizdən gəldiyimiz qənaət və adını açıqlamaq istəməyən mənbədən əldə etdiyimiz məlumata görə, ilk gündən həmkarlarının əksəriyyətini başına toplayaraq qruplaşma yaradan oyunçu məhz o idi.
Elçin Hüseynovun qruplaşmasına Xatirə İslam, Mehriban Xanlarova, Emil Bədəlov, Abbas Bağırov, Rəşad Dağlı, Rüfət Axundov, Aşıq Əli daxildir. Böyük ehtimalla Allahverdi Yolçuyevin də onların arasında olduğunu güman edirik. Səs toplamayaraq maşından əli üzülən Roza Zərgərli də bu qruplaşmanın üzvü idi. Kənarda qalan ABD Malik (Kələntərli), Samir Cavadzadə, Anar Ağakişiyev və oyundan uzaqlaşdırılan Aygün Kazımova, Günel Ələkbərova, könüllü olaraq oyunu tərk edən Kərim Abasov və Rəhim Rəhimli idi.
Bundan belə nəticə çıxararaq oyunu tərk edəcək növbəti oyunçuları təxmin etmək olar. Hədəfdə ABD Malik, Samir Cavadzadə və Anar Ağakişiyevdir. Yox, əgər, Elçin Hüseynov şounu tərk etdikdən sonra oyunçuları idarə etməkdən imtina etsə, qaydalar dəyişilə bilər. Amma "boz kardinal" titulunun məhz adını gizli saxlayaraq oyun kənardan idarə edənə şəxsə verildiyini nəzərə alsaq, Elçin oyunu sonunadək idarə edəcək.
Veriliş boyu tamaşaçılardan özü üçün "getsin"ə səs istəyən E.Hüseynov əslində şəklinin qutuya atılmasını özü istəmişdi. SMS səsverməsinə çıxarılan E.Hüseynov sonda 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü getdi. İlk gündən maşında gözü olmadığını deyən Elçin bəy üçün oyunu kənardan idarə etmək daha asandır. İfaçının sahibi olduğu restoran realiti şounun iştirakçılarını yeməklə təmin edir və "Maşın"ı izləmək və iştirakçılara səs vermək istəyən müştərilər üçün hər cür şərait yaranıb. "Maşın" realiti şou demək olar ki, "Boz kardinal"ın oturduğu yerdən idarə olunur...
“Hər şey çox gözəldir. Oyun belə olmalıdır. Mən sadəcə olaraq dostlarıma qarşı heç zaman oyun oynamamışam və həqiqətən də bir neçə gündən sonra dostlar üz-üzə qala bilərdim deyə, bu şounu tərk etdim” deyən Elçin Hüseynov əslində şəxsən özü heç kimlə üz-üzə gəlmir. Yaxşı mövqedir!
Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.
Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu realiti-şounun 13-cü sürəti "Daha bir nağıl" devizi ilə baş tutur. Veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.
Mənbə
ANS PRESS