Nazir ölkədə ekoloji siyasətin əsas prioritetlərini açıqladı

Nazir ölkədə ekoloji siyasətin əsas prioritetlərini açıqladı
19:23 30 Oktyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 30-da Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) üzv şirkətlər üçün təşkil etdiyi növbəti “AHK İmpuls” tədbirinin fəxri qonağı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev olub.

“AHK Azərbaycan”dan Publika.az-a bildirilib ki, nazir “Azərbaycanda ekoloji siyasətin əsas prioritetləri” mövzusunda təqdimatla çıxış edib. M.Babayev ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, mövcud ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda, nazirliyin qarşısında duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə məlumat verib. Azərbaycanda atmosfer çirklənməsi ilə bağlı mövcud statistika barədə danışan nazir ekoloji təmiz yanacaqdan istifadənin təşviqinin və ölkədə hava keyfiyyətinin monitorinq sisteminin modernləşdirilməsinin vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, bərpaolunan enerji mənbələrindən və enerji qənaətli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında qara yağdan istifadənin dayandırılması, meşə sahələrinin genişləndirilməsi, səmt qazlarının həcminin ilbəil azaldılması, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bir neçəsidir. Hazırda Qobustan və Samux rayonlarında, eləcə də Bakının Pirallahı, Suraxanı və Sahil qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş milli töhfələri sənədində ölkənin milli şəraitini, inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi yaşıllaşdırma tədbirləri barədə danışan M.Babayev qurumun növbəti 5 illik tədbirlər planına daxil olan Bakı və Abşeron yarımadasının 7000 hektar ərazilərində yaşıllaşdırma işləri, magistral yollar ətrafında aqro bağların salınması və alternativ mənbələrdən suvarma zamanı istifadə edilməsi haqqında məlumat verib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/294643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR