İşsiz olmağın faydaları -

Metbuat.az "İşsiz olmağın faydaları" haqqında yazını təqdim edir.

İşsizlik ağır dərddir. Oturduğun yerdə depressiyaya düşmək, qaşınmayan yerdən qan çıxartmaq ehtimalın yüksəkdi. Bekar qaldıqca, adam çox fikirləşir, çox fikirləşdikcə də mütləq kiməsə nifrət eləməyə başlayırsan (ya da kimsə sənə nifrət edir). Nələrsə yadına düşür, dünəndən qalma boyat söhbətlər bütün günü adamın beynini didir. Həyatındakı insanları bir-bir fikirləşib gözdən keçirirsən. Ən xırda detalına qədər xarakterlərini açırsan. Başlayırsan yenə nifrət eləməyə. Elə ki, iş tapdın təzədən qayıdırsan öz mahiyyətinə. Çünki nifrət elədiyin adamların varlığına möhtacsan.

İşsizlik ağır dərddir. İşsiz adamı ciddiyə almırlar. Nə qədər gözəl nitqə, biliyə sahib olursan ol, işsiz olduğun üçün əhəmiyyət vermirlər. Bir müddət sonra deyingən adama çevrilirsən. Hər şeyin xırdalığına gedib, camaatın da, özünün də əsəblərini pozursan. Xırdalığa vardıqca müşahidələr aparırsan. İnsan psixologiyasının dərin qatlarına enirsən. “Varlıq və heçlik” fəlsəfəsinin arasında yuva qurursan. İnsanlar işsizlikdən filosof olur. Pul qazanmağa başlayan kimi düşünməyin daşını atır.

Samuel Bekket “Qodonun intizarı” pyesini yazanda pyes ədəbiyyatda hadisəyə çevrilməmiş, səs-səda doğurmamışdı. Lakin bu pyes 1957-ci ildə Sən Fransiskoda həbsxanada oynanılanda çox böyük səs-səda doğurmuş, alqışlarla qarşılanmışdır. Bu hadisə tənqidçiləri yenidən düşünməyə vadar elədi. Həbsxanada olarkən insanın düşünməyə vaxtı çox olur. Həbsxana həyatından sonra müdrik olan dahilər də az deyil.

Hərdən hərbi xidmətdə olan dostumla danışıram. Hər dəfə ona deyirəm ki, “çox fikirləşmə, çox fikirləşsən mənə nifrət edərsən”. Həqiqətən belədi, çox fikirləşsən ən xoşbəxt günün ən bədbəxt günə çevrilər. Çox fikirləşsən cəmiyyətdən təcrid olarsan.

İşsizlik ağır dərddir. Getdikcə ev əşyasına çevrilirsən. Tədricən kişinin ilkin "ovçu" funksiyası "evdar kişi" funksiyasıyla əvəz edilir. Seriallar, xəbər saytları sirdaşın olur. Və ən sonda səni Kafkanın “Qriqor Zamsa”sı kimi lazımsız şəkildə süpürüb xəkəndaza, atırlar zibilə (ya da tabutdan torpağa sürüşdürürlər).

Bununla belə işsiz olmağın müsbət cəhətləri də var: İşə gecikmirsən, maaşı gecikdirmirlər, müdirlə dalaşmırsan. Və ən nəhayət işsiz olmağın bir şeyi yaxşıdır ki, səni işdən çıxartmırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR