Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan zavallı xalqım

Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan zavallı xalqım
11:48 6 Noyabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

Əziz Mirzə, bilirəm qəbirdə də sümüklərin sızlayır. Arxanca aylar uçdu, illər qaçdı, bu kor məmləkətin öz dilinə qulağı da kar oldu. Oğlun Əhmədin oğlu Mehdatın oğlu Martinin oğlu Pşemslav da dirisi ilə polyakca danışır. Dilim qurusun ki, ən şərəfli ölüsünün lisanına ən az mozambikcə qədər naməhrəmdir. Bilirəm, bu səninçün əqli dirçəlişinin hələ də astanasında olan zavallı xalqının yükü qədər ağırdır. Amma nəvən polyak yuvasının daşlarını səndən bixəbər hörübmüş, evdə səndən bəhs etməzlərmiş. Ürəyinə bir xəncər də mən saplayım. Öz dilində yazmaqla barmağını bir-bir dartıb qoparmısan. Öz soyundan olanların, üzü sulu dedilər ki, ən balaca hekayəsini də oxumamışıq. Əsərlərinin polyakcaya tərcüməsi yoxdur- günahı zavallı xalqının başına tolamazdadılar.

Əziz Mirzə, dediklərimdən sonra yəqin ürəyində yatmış vulkan göynəyəcək, bəlkə də gecə Martinin yuxusuna gələcəksən. Agah ol ki, o ölüsü ilə də polyakca danışır.

Amma bir anlıq dur, "Pianoçu" filmini xatırla:

- Mən polşalıyam, öldürməyin.

- Bəs niyə faşist şineli geyinmisən?

- Donmamaq üçün.

Bəlkə də odlar yurdunun əbədi parlaq günəşi balanın balasının balasını isitməyib. O, da polyak şineli geyinib. Savaşın tən ortasında yuxuya dalıb.

Bir dəfə də Martini deyib Polşaya gəl. Bizim yuxumuz bal şəkərdi, bəlkə onu oyadasan...

Xalqımın şərəfi, nəhəng ürəyi Hacı Zeynalabdin, mən hər gün öz oğluma sənin tükənməz mərhəmətindən, elm qədər sonsuz mənəviyyatından söyləyirəm. Sənin öz oğlun Sadiq Fransaya köçəndən sənli, vətənli xatirələrini qara qutulara həbs edib. Ölənədək utanc kimi bu müəmmadan nə oğluna, nə qızına danışıb.

Demək ki, cəmiyyət bir oğlana təhsil verməklə bir savadlı insan qazanıb... Bir vətən daşı itirib... Əfsus, nəvələrin hər küncünə bir məktəb ucaltdığın torpağına fransızdır illərcə.

Mən insanın dininə də, də dinsizliyinə də dərin sayğı duyuram. Lakin Vətən xərabəlik olsa da, hətta sevgilim Baninin onu fransızca söyməyinə ürəyim əl vermir. Başını döndürən tiryəkin həzzinə sığınıb cücərdiyi torpaqdan üz döndərməyinə vicdanım göynəyir.

Bu gün Avropada, Amerikada milyon-milyon erməninin illüziya ölkəsinin üzünü də görməyən vərəsələri böyüyür. Erməni lobbiləri onların cibinin, Ermənistan sevgisinin ağırlığından tutunur.

Osmanlı qardaşlarımızın da tək bacardığı dizi çəkmək deyil. Kök atdığı ölkədə bir çəmən Türkiyə cücərdirlər.

Bəlkə biz də bal şəkər yuxumuzdan oyanaq?! Yad ellərə pənah aparanda cibimizdə bir ovuc torpaq götürək, amma qara tabuta basdırmayaq. Üçüncü, dördüncü zümrədən sayıldığımız Avropada alnımıza sintetik bitki damğası da yapışmasın.

Görsünlər ki, bizim də kökümüzün şirələndiyi qara torpağımız, 100 utancı silib aparan, Hacı Zeynalabdinimiz, Mirzə Cəlilimiz, Nağıyevimiz var. Görsünlər ki, dilimiz fransızcaya, polyakcaya alışsa da, ürəyimizin lap soyuq qütbündə Azərbaycan adlı ocaq yanır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/295292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR