Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir.
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, əkinlərin bəyan edilməsi prosesi başladıqdan keçən 1 həftə ərzində 9569 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər. Bu günə qədər fermerlər tərəfindən 18 441 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə, yaxud bölgələrə ezam olunmuş səyyar qrupların xidmətlərindən yararlana bilərlər.
Xatırladaq ki, ölkə prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız EKTİS üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.