General: "Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar"

General: "Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar"
17:17 12 Noyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda büdcə vəsaitləri və beynəlxalq qurumlardan alınan pullar erməni xalqının rifahına deyil, işğalçı ölkənin hərbi qüvvələrinə sərf olunur. Bu da erməni millətinin narazılığına səbəb olur. Rəsmi Yerevanın işğalçılıq siyasəti isə ölkənin sosial-iqtisadi inkişafını əngəlləməkdə davam edir. Təbii ki, hərbi xərclərin anormal artımı erməni hökumətinin qorxusunun nəticəsidir. Görünən odur ki, Ermənistanın real inkişafı, işğal edilmiş torpaqların qaytarılması ilə əldə oluna bilər. Baş nazir Nikol Paşinyan hakimiyyəti Ermənistanın rifah səviyyəsinin artırılması ilə bağlı bir sıra vədlər versə də, bu, özünü doğrultmayıb. Əlverişsiz geosiyasi vəziyyət, işğalçılıq siyasəti elan edilən inkişaf yolunun ancaq kağız üzərində qaldığını göstərir.
Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov “Report”a açıqlamasında bildirib ki, Ermənistanda büdcədən ayrılan vəsaitlə ordunun heç 10-15 faizini saxlamaq mümkün deyil: “Ermənistan ordusu heç hərbi təlimlərə belə vəsait tapa bilmir. Orada əhalinin sosial vəziyyəti həddindən artıq ağırdır. Xarici yardımlar hesabına həm ordunun, həm də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün deyil. Ermənistan hökuməti də məcburiyyət qarşısında qalaraq əllərinə gələn gəlirləri silahlı qüvvələrin inkişafına, silahların alınmasına xərcləməyə çalışır. Lakin həmin vəsaitin də bir hissəsi silinir. Ermənistan rəhbərliyi də bu işlərdə fəal iştirak edir. Nümunə olaraq Ermənistanın keçmiş müdafiə nazirini, keçmiş prezidentini göstərmək olar. Son iki ildə Ermənistanda xeyli sayda adam vəzifədən azad olunub. Onlar büdcə vəsaitlərini, o cümlədən orduya ayrılan pulları da mənimsəyiblər. Ona görə də xarici yardımlar Ermənistanın nə ordusunu xilas edəcək, nə də iqtisadiyyatının inkişafına təkan verəcək. Bunun üçün böyük miqdarda vəsait lazımdır”.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, ölkədə büdcə kəsirinin aradan qaldırılması məqsədi ilə Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları ilə danışıqlar davam etməkdədir və ilin sonunadək təxminən 150 milyon ABŞ dolları məbləğində kreditin alınması planlaşdırılır. Yeni hökumətin il yarımlıq fəaliyyəti nəticəsində, dövlət borcunun miqdarı artmaqda davam edib. Erməni müxalifəti isə hökuməti artan borclanmalara qarşı qeyri-konstruktiv fəaliyyətdə günahlandırır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına əsasən, 2008-2014-cü illər ərzində Ermənistanın hərbi xərcləi 4 milyard ABŞ dollarından çox olub. 2018-ci ildə ümumi dövlət xərclərinin 21%-i hərbi sahəyə yönəldilib.

Yaşar Aydəmirov

Ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov:

"Ermənistan təkcə meyvə-tərəvəz yığmaqla və konyakla iqtisadiyyatı qaldıra bilməz”.
Y.Aydəmirov hesab edir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytarsaydı, inkişafı da çox yüksək səviyyədə olardı: “Həmçinin təkcə Dağlıq Qarabağda deyil, hətta Ermənistan ərazisində yaşayan bütün ermənilərin ərzaq və digər təminatları, ölkənin iqtisadiyyatı və gəlirləri artardı. Bu, bir zarafat deyil, reallıqdır. Ermənistanın başqa çıxış yolu yoxdur. Bir ölkəyə nə qədər yardım edəcəklər? Yardım verən bunu bir dəfə, iki dəfə və ya üç dəfə edər. Amma yardımla nə ordu, nə də iqtisadiyyatı saxlamaq olmaz. Axı, beynəlxalq maliyyə qurumları krediti qaytarmaq iqtidarında olan dövlətlərə verir. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları çox gözəl bilirlər ki, Ermənistan onlara pul qaytarmaq gücündə deyil. Nə ilə qaytaracaqlar? Axı Ermənistanda hansı istehsal sahəsi işləyir? Təkcə meyvə-tərəvəz yığmaqla, cüzi miqdarda istehsal etdiyi konyakla iqtisadiyyatı inkişaf etdirmək olmaz”.

Xarici ianələr hesabına varlığını davam etdirən, ciddi miqrasiya (ağır sosial-iqtisadi problemlərə görə) böhranı ilə üz-üzə olan ölkənin, müdafiə sektoruna iri həcmli maliyyə vəsaiti ayırması, iqtisadi inkişafı əngəlləyən ən önəmli faktordur. Erməni mətbuatı yazır ki, təkcə ötən ay Ermənistan hökumətinin 2020-ci il dövlət büdcəsinin xərcləri ilə bağlı strategiyasını elan etməsi, qızğın diskussiyaya səbəb olub. Gələn ilin büdcə xərcləmələrində isə müdafiə sektoruna ayrılan maliyyə vəsaitinin azaldılması (3 milyon dram) birmənalı qarşılanmamaqdadır. Hətta bununla bağlı noyabrın 4-də Ermənistan parlamentində ictimaiyyətə qapalı iclas keçirilib. Eyni zamanda müdafiə naziri David Tonoyanın ümumi xərcləmələrin keçən ilə nisbətən 25.3 % artacağı ilə bağlı çıxışı, Ermənistan hökumətinin müdafiə xərcləmələri ilə bağlı yekdil qərara malik olmadığını göstərir. Hökumət iqtisadi vəziyyətin gücləndirilməsi məqsədi ilə, iri həcmli maliyyə vəsaitlərini sosial müdafiə sahəsinə yönləndirməyə çalışsa da, bu, qeyri-real görünür. Çünki, işğalçılıq siyasəti və qonşularla mövcud problemlər, bu tip strateji planların qarşısını alır. Regiondakı zəifləyən siyasi mövqeyi, iqtisadi göstəricilərin azalan tempi aşkar şəkildə Ermənistanı qorxudur, qorxu, öz növbəsində, hərbi xərclərin artımına, büdcəyə hakimiyyət dairələrində ikimənalı yanaşmaya gətirir.
General-leytenant qeyd edib ki, yaranmış vəziyyətdən sadə bir çıxış yolu var, o da Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə üzərindəki yükün azaldılması və ağır sosial-iqtisadi vəziyyətdə olan ermənilərin güzəranının yaxşılaşdırılması üçün maliyyə vəsaitinin məqsədyönlü xərclənməsidir: “Düşünürəm ki, Ermənistanda gələn ilin büdcə xərcləmələrində müdafiə sektoruna ayrılan maliyyə vəsaiti azaldılacaq. Çünki Ermənistanda əhali hökumətdən narazıdır. Əhalinin narazılığı artdıqca hökumət də müdafiə xərclərini azaltmağa məcbur olacaq. Ermənistanın yeganə xilas yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Yəni Ermənistan yalnız Dağlıq Qarabağı Azərbaycana qaytarandan sonra inkişaf edə bilər. Dağlıq Qarabağı qaytardıqdan sonra özlərinin yaşayışına baxsalar, nə qədər inkişaf etdiklərini görərlər. Hesab edirəm ki, hətta Ermənistan əhalisinin vəziyyəti çox sürətlə yaxşılaşacaq. Çünki əgər işğal etdikləri torpaqları təhvil versələr, Azərbaycan onların yeməyini də, çörəyini də verəcək. Hesab edirəm ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Yeganə yolu ancaq və ancaq budur. Hamı bilir ki, Azərbaycan Ordusu Ermənistan ordusu ilə müqayisə olunmaz səviyyədədir. Çünki bizim orduda əsas silahlar, yardımçı silahlar, böyük silahlar, aviasiya sahəsi, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri təkmilləşdirilir və müasirləşir. Silahlı Qüvvələrimiz üçün yeni silahlar alınır. Ermənistanda isə ordunun silah-sursatını modernləşdirməyə imkanları yoxdur”. 


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/ehtiyatda-olan-general-leytenant-ermenistan-yalniz-dagliq-qarabagi-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR