Mehriban Əliyeva: "Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır

Mehriban Əliyeva: "Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır
17:17 23 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır". 
"Report"un məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində çıxışı zamanı deyib. 
"Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm", - deyə Mehriban Əliyeva qeyd edib.
Birinci vitse-prezident vurğulayıb ki, bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur: "Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir. Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/mehriban-eliyeva-rusiya-ile-azerbaycan-arasinda-munasibetler-qedim-ve-mohkem-dostluq-ve-mehriban-qonsuluq-enenelerine-esaslanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR