Bu şadlıq saraylarının manqalının fəaliyyəti dayandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.

Metbuat.az xəbər verir ki, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aparılan monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ictimai-iaşə obyektlərinin manqallarının fəaliyyətinin dayandırılması aparılan monitorinqlərin nəticəsində aşkarlanan qanun pozuntularına görədir: "Kimin monitorinqlərin nəticəsi ilə bağlı irad və etirazı varsa, nazirliyə, məhkəməyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır. Biz iradları dinləməyə və təkrar monitorinqlər aparmağa hazırıq. Kimsə hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy məclisləri zamanı manqallarında kabab bişirilən vaxt özləri də kənarda dayanıb bu mənzərəni seyr edə bilər. Təbii ki, bu zaman hər kəs havaya atılan tüstünün, qoxunun şahidi olacaq. Əgər tüstü, çirklənmə yoxdursa, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz kiminsə manqalının fəaliyyətini dayandırmaq yox, havaya atılan tüstünün qarşısını almaqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR