Premyer Liqa: "Zirə" "Keşə"ni, "Neftçi" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Zirə" "Keşə"ni, "Neftçi" "Qəbələ"ni qəbul edəcək
13:47 24 Noyabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçiriləcək.

Milli.Az-ın məlumatına görə, hər iki qarşılaşma Bakıda təşkil olunacaq.

Günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gələcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksələcəklər. Qonaqlar qalib gəlsələr, xallarını 22-yə yüksəldəcəklər və lider "Qarabağ"la fərqi 5 xala endirəcəklər.

Bu, iki komandanın 18-ci görüşü olacaq. Əvvəlki 17 matçın 4-də "Zirə", 5-də "Keşlə" qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbəti isə bərabərdir - 17:17. Digər tərəfdən, "Zirə" ardıcıl 7 ev oyununda qol vurub. "Keşlə" ardıcıl 2 matçdır meydanı qolsuz tərk etmir.

Günün son oyunu isə "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. Hazırda 18 xalla 3-cü pillədə qərarlaşmış "ağ-qaralar" liderlə xal fərqini azaltmağa, 9 xala malik "qırmızı-qaralar" isə sonuncu pillədən qurtulmağa çalışacaq.

Komandalar 46-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki 45 oyunun 20-dən "Neftçi", 16-dan "Qəbələ" qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqmanın cüzi üstünlüyü var - 61:57. "Ağ-qaralar" 10 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son iki matçda 3 qol vurub və qalib gəlib.

Azərbaycan Premyer Liqası, XII tur

24 noyabr (bazar)

15:00. "Zirə" - "Keşlə"

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Zirə İdman Komleksinin stadionu

17:00. "Neftçi" - "Qəbələ"

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

"Bakcell Arena"

Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"a 2:1, "Sabah" isə səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/804812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR