“Qalatasaray”ın gənc ulduzu Aleksey Batrakov Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb. İstanbul təmsilçisinin heyətində göstərdiyi uğurlu performansdan sonra rusiyalı futbolçuya maraq getdikcə artır.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Batrakovla İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, “Nyukasl”, “Tottenhem” və “Brayton” klubları maraqlanır. Fransanın PSJ və “Monako” komandalarının da gənc futbolçunun vəziyyətini izlədiyi iddia olunur.
Məlumata əsasən, xüsusilə “Liverpul” Batrakovla yaxından maraqlanır. İngiltərə təmsilçisinin futbolçunu canlı izləmək üçün “Qalatasaray”ın rəhbərliyindən oyun zamanı xüsusi yer tələb etdiyi bildirilir.
Qeyd edək ki, “Qalatasaray” Aleksey Batrakovu mövsümün əvvəlində Moskvanın “Lokomotiv” klubundan 25 milyon avroya transfer edib. Gənc futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma maddəsinin olduğu bildirilir. Bu isə o deməkdir ki, həmin məbləği ödəyən klub futbolçunun transferi üçün ciddi üstünlük əldə edəcək.
Bununla belə, “Qalatasaray” rəhbərliyinin gənc ulduzu asanlıqla buraxmaq niyyətində olmadığı vurğulanır. Futbolçuya artan maraq fonunda İstanbul klubunun müqavilədəki sərbəstqalma məbləğini yenidən nəzərdən keçirmək istəyə biləcəyi də qeyd olunur.