Azərbaycan millisinin debütantı: "Uelsdən də, Slovakiyadan da xal almaq olardı"

Azərbaycan millisinin debütantı: "Uelsdən də, Slovakiyadan da xal almaq olardı"
20:22 24 Noyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

"Hazırda Premyer Liqada hər bir komandadan xal almaq mümkündür. "Zirə" ötən tur "Qarabağ"dan xal almışdı. Bu rəqiblə oyumuzun çətin keçəcəyini bilirdik. Amma ayrı-ayrılıqda yox, kollektiv olaraq, oyuna hazır deyildik".
"Report"un məlumatına görə, bunları "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
İyirmi dörd yaşlı yarımmüdafiəçi bildirib ki, ayılmaq və "Sumqayıt"la növbəti tur matçına daha yaxşı hazırlaşmaq lazımdır. Heyət baxımından Azər Salahlı, Emin Mehtiyev, Tərlan Quliyev və Əfran İsmayılov kimi yaxşı ehtiyat qüvvəmiz var. Amma oyunda dəyişiklik edəcək legionerimiz yoxdur. Gələn tur Sezar Meza Kollini kimin layiqincə əvəzləyəcəyini bilmirəm. Yəqin ki, baş məşqçimiz Tərlan Əhmədov bunu demək istəyib".
İsgəndərli ötən tur "Neftçi" üzərində 2:1 hesablı qələbə qazandıqdan sonra komandada eyforiya yarandığına dair fikirlərlə razılaşmayıb: "Bütün kollektivimiz peşəkarlardan ibarətdir. Bir qələbə ilə çempionat bitmir. Hələ oyunlar seriyası irəlidədir. Sonuncu dəfə IV turda evdə "Səbail"ə uduzmuşduq. "Neftçi"ni udduqdan sonra isə hamı bizdən danışır, super oynadığımızı deyirdi. Amma futbolda məğlubiyyət də mümkündür. Bu, gələcək oyunlara daha ciddi hazırlaşmaq baxımından bizə dərs oldu".
Cinah oyunçusu fasilə zamanı klub prezidenti Zaur Axundovun paltardəyişmə otağında onlarla əsəbi formada danışmadığını söyləyib: "Zaur müəllim bizə özümüzə inanmağı, daha çalışqan olmağı, əvvəlki "Keşlə"ni görmək istədiyini bildirdi. Onu mətbuatda çox şişirdirlər. Guya söyüş söyür, tənqid-təhqir edir. Xeyr, bu, belə deyil. Sadəcə, Axundovun iki cəhətini görmüşəm: qalib gələndə paltardəyişmə otağına girib təbrik edir, mükafatı açıqlayır, uduzanda isə bir klub rəhbəri kimi "Uduzmamalı, daha yaxşı oynamalı idik", - deyə iradlarını bildirir. Sonra da ürək-dirək verərək, gələn oyunlarda həmin "Keşlə"ni görmək istədiyini vurğulayır".
İsgəndərlinin Azərbaycan millisində debütü Slovakiya ilə AVRO-2020-nin son seçmə matçına təsadüf edib. O, ilk dəfə dəvət aldığı yığmanın düşərgəsində çox yaxşı qarşılandığını söyləyərək, buna görə baş məşqçi Nikola Yurçeviç və AFFA-nın baş katibi Elxan Məmmədova minnətdarlığını bildirib: "Baş məşqçi bütün iclaslarda məşqimdən razılıqla danışırdı. O, milliyə öz əziyyətimlə gəldiyimi deyərək, klubumdakı kimi çıxış etməyimi istədiyini bildirirdi. Uelsdən də, Slovakiyadan da xal almaq olardı. Gələn seçmə mərhələdə də milliyə öz oyunumla yenə çağırılmağımı istərdim. Milli komanda qürur mənbəyidir, tam fərqli mövhumdur".
"Keşlə"nin futbolçusu Yurçeviçin millidəki taleyi ilə bağlı danışmaq istəmədiyini söyləyib: "Bu suala mən cavab verə bilmərəm. Milliyə məsul olan AFFA rəhbərliyi var. Məncə, buna Elxan müəllim daha dəqiq cavab verə bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-debutanti-uelsden-de-slovakiyadan-da-xal-alm

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR