Mehriban Əliyevanın açdığı yeni üfüq və Rusiya səfərinin mühüm bəhrəsi: Qarabağın həlli... - ŞƏRH

Mehriban Əliyevanın açdığı yeni üfüq və Rusiya səfərinin mühüm bəhrəsi: Qarabağın həlli... - ŞƏRH
13:13 27 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Rusiya ilə münasibətlərini strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə keçirməkdə maraqlıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Rusiya Cənubi Qafqazda önəmli aktordur və bu bölgədə proseslərin inkişaf etdirilməsini müəyyən edən, onlara maksimum təsiretmə imkanları olan bir dövlətdir: “Açıq danışmalıyıq ki, Rusiya Cənubi Qafqazda önəmli aktordur və bu bölgədə proseslərin inkişaf etdirilməsini müəyyən edən, onlara maksimum təsiretmə imkanları olan bir dövlətdir. Vaxtilə biz Rusiya ilə siyasi məkanda bir ittifaqın tərkibində olmuşuq. Rusiya-Azərbaycan münasibətlərinin tarixi kökləri var. Bu gün dünyada çox mürəkkəb geosiyasi, geostrateji proseslər gedir. Bu mürəkkəb siyasi proseslərdə dünya düzənini müəyyən edən dövlətlərdən biri olan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi çox böyük əhəmiyyətə malikdir. Bu səbəbdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya səfəri çox ciddi hazırlanmışdı, çox vacib görüşlər və məsələlərin həll edilməsi qarşıya məqsəd qoyulmuşdu. Bu sarıdan da səfərin əhəmiyyəti kifayət qədər böyük idi. Rusiya paytaxtında Mehriban xanımı çox böyük ehtiramla, diqqətlə qarşıladılar. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinlə, Rusiyanın Baş Naziri Dmitri Medvedevlə görüşlər zamanı ikili münasibətlərə dair bir çox məsələlər müzakirə edildi. Bu məsələlərdə ciddi irəliləyişlər əldə olundu. Qarşılıqlı münasibətlərin həm iqtisadi, həm də siyasi tərəflərinin inkişafı üçün iki tərəf də ciddi səylər göstərəcəyini və bu münasibətləri keyfiyyətcə yeni bir mərhələyə yüksəldəcəklərini vəd edirlər. Bu, Azərbaycanın özü üçün və bölgənin lider dövləti Rusiya üçün çox əhəmiyyətlidir. Bu, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə (iqtisadi , siyasi, hərbi) əməkdaşlığın dərinləşməsinə və daha yüksək mərhələyə qalxmasına perspektivlər aça bilər. Haşiyə çıxaraq qeyd etməliyəm ki, Mehriban xanımın Moskva səfəri bitdikdən sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Gerasimovun Azərbaycana rəsmi səfərə gəlməsi heç də təsadüfi deyil. Bu səfər Azərbaycan tərəfi üçün hərbi-siyasi əməkdaşlıq sahəsində müəyyən üfüqün açılacağını söyləməyə imkan verir. Yəni səfərin nəticəsinin artıq bəhrə verməyə başladığını da görmək mümkündür.

Səfər zamanı Rusiya və Azərbaycan arasında forumun keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Əvvəllər də bu forumlar keçirilirdi və bu, sayca 10-cu forum idi. Amma bu forum daha geniş məsələlərin müzakirə edilməsi ilə yadda qaldı. Rusiya və Azərbaycan tərəfinin daha geniş qarşılıqlı əməkdaşlığa cəlb edilməsi məsələləri çox ətraflı müzakirə edildi. Səfər zamanı Mehriban xanımı, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun müşayiət etməsi də diqqət çəkən məqamdır. Azərbaycan uzun müddətdir ki, Rusiya ilə ikitərəfli əməkdaşlıq aparır və burada xüsusi önəm Həştərxan layihəsinə, Rostov vilayətinə verilir. İndi bu regionların sayının artırılmasına qərar verilib və nəticədə Azərbaycan əvvəl müəyyən edilmiş əməkdaşlıq xətlərini genişləndirərək, onu daha böyük rayonlara yayacaq. Məsələn, Rusiyanın sənaye rayonlarına yaymağa başlayacaq. Bu səfər nəticəsində Azərbaycanda maşınqayırma sənayesinin inkişaf etdirilməsi üçün Rusiya geniş dəstək olacağını vəd edib. Onsuz da bu sahədə müəyyən nailiyyətlər var. Gəncə avtomobilqayırma müəssisəsi və Hacıqabulda avtomobilqayırma sənayesinin inkişaf etdirilməsi üçün artıq bünövrə qoyulub və bu proses sürətlə inkişaf etməkdədir. Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın çox böyük ənənələrinin qərarlaşmış formaları var və bu formalar Rusiya mədəniyyətinə, rus dilinə Azərbaycanda göstərilən qayğı ilə qırılmaz sürətdə bağlıdır. Azərbaycanda Rusiyanın Tibb Universitetinin, Moskva Dövlət Universitetinin filialının açılması çox böyük nailiyyətdir. Buna digər MDB ölkələrində rast gəlmək mümkün deyil. Azərbaycanda rusdilli təhsilə maraq həddindən artıq böyükdür və başqa MDB ölkələrində bu məsələlərdə olmayan irəliləyişlər Azərbaycanda ciddi sürətdə nəzarət altındadır. Azərbaycanda insanların rus dilinə marağı, rus dilində bədii ədəbiyyatdan tutmuş, elmi-texniki ədəbiyyatın öyrənilməsinə olan maraq təbiidir.

Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin yüksək səviyyədə olmağını və Rusiyanın bu regionda öz təsirini qoruyub saxlamasını istəyir. Amma bu təsirin ədalətli, beynəlxalq hüquq normalarına uyğun olmasını istəyir. Rusiya Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini yaxşı bilir. Eyni zamanda erməni separatçılarının hərəkətlərini qəbul etmir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqda davam edir. Bütün inkişaf etdirilən dostluq münasibətləri, bu münasibətlərin yüksək səviyyəyə qaldırılması zənnimcə, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun sürətdə həllini yaxınlaşdıra bilər. Ümumiyyətlə, Birinci vitse-prezidentin Rusiyaya səfərinin çox uğurlu olduğunu qeyd etmək lazımdır. Beləliklə, Mehriban Əliyevanın rəsmi səfəri onu göstərdi ki, Azərbaycan tolerant, multikultural bir ölkədir. Onu əhatə edən bütün ölkələrlə normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarıdır, buna can atır və bunu həyata keçirmək üçün bütün imkanlarını istifadə edir. Belə münasibəti digər ölkələrdən də gözləyir. Bu səfər böyük əməkdaşlıq, tərəfdaşlıq üçün, böyük münasibətlərin qurulması üçün bünövrə rolunu oynayacaq”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR