Təhlil olunan dövrdə həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə təxminən 18 mln. manat təşkil edib. Bu isə ümumi ödənişlərin 31%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 7,8 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin təxminən 90,3%-i və ya 16,3 mln. manatı həyatın yaşam sığortası, 5,2%-i və ya 942 min manatı həyatın ölüm halından sığortası, 4,5%-i və ya 812 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 43,1 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 5,9 manat olub.
ASA sədri O.Bayramov bildirib ki, həyat sığortası bazarında demək olar ki, ödənişlərlə bağlı müştərilərdən şikayət yoxdur. Onun sözlərinə görə, sığorta bazarında həyat sığortasının payı artır. İnkişaf etmiş sığorta bazarlarında bu göstərici 50%-dir: "Yaxın gələcəyə gözləntilərimiz odur ki, Azərbaycanda bu göstərici 40%-i keçsin".
Assosiasiya sədri həmçinin icbari sığorta bazarında zərərlilik səviyyəsinin 50%-dən aşağı olduğunu qeyd edib.
O bundan başqa, tibbi sığorta bazarının əsasən korporativ müştərilər hesabına formalaşdığını deyib. Onun sözlərinə görə, bu da tibbi sığortada zərərlilik riskinin yüksək olması ilə bağlıdır. ASA rəhbəri qeyd edib ki, gələcəkdə korporativ bazar "doyan" kimi, fərdi müştərilərə də keçiləcək.