Qəbələ, 18 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Qəbələ rayon Mədəniyyət Mərkəzində “Mədəni dialoq: etnik ənənələr və müasirlik” adlı layihə çərçivəsində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi tədbirdə Qəbələ, Qax, Balakən və İsmayıllı rayonlarında yaşayan etnik xalqların təmsilçiləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və layihə rəhbəri Nərgiz Məmmədzadə çıxış edərək bildiriblər ki, konfransın keçirilməsində məqsəd dünyada birgə yaşayış modeli təbliğinin gücləndirilməsi, mədəniyyətlərarası dialoqun əsas məkanı kimi ölkəmizin təqdimatı, bu formatın optimallığının və mümkünlüyünün Azərbaycan timsalında bir daha sübut edilməsi, həmçinin ölkəmizdə radikalizm, separatizm və qeyri-ənənəvi təzahürlərə qarşı mübarizəyə müxtəlif etnik qrupları təmsil edən gəncləri birləşdirməklə, onların multikulturalizm həmrəyliyinə nail olmaqdan ibarətdir.
Konfransda iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gündüz Paşayev və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ceyhun Rüstəmov dini dözümlülük, tolerantlıq, multikulturalizm sahəsində Azərbaycanda görülən işlərdən danışıb və belə tədbirlərin keçirilməsinin bu sahədə gənc nəslin maarifləndirilməsində müstəsna əhəmiyyəti olduğunu bildiriblər.
Tədbir diskussiya formatında davam etdirilib, maraqlı təkliflər və fikirlər əsasında qərar layihəsi qəbul edilib.
Sonda gəncləri maraqlandıran suallara ətraflı cavab verilib.
Gənclər “Mədəni dialoq: etnik ənənələr və müasirlik” mövzusunda konfransda iştirak ediblər