Xalq artisti vəfat etdi -

Azərbaycan kinorejissoru, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, mərhumla vida mərasimi Təzə pir məscidində keçiriləcək.

Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir. Bu filmə görə yaradıcı heyət - ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.

Yalçın Əfəndiyev bir müddət "Azərbaycanfilm" kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə Azərbaycan tarixinə, mənəvi dəyərlərinə həsr edilən onlarla film araya-ərsəyə gəlib.

"Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub. Sənədli filmləru ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

Yalçın Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR