Azərbaycan-Gürcüstan sərhədində SİLAHLI İNSİDENT -

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum etmişdir. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açmış, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq etmişdir.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə etmiş, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar et­mişdir.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilmiş və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunmuşdur. Ha­zırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilmişdir.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunmuş, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­mişdir.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR