AİDA rəbhəri: "Donor ölkə statusu Azərbaycan qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır" - MÜSAHİBƏ

AİDA rəbhəri: "Donor ölkə statusu Azərbaycan qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır" -  MÜSAHİBƏ
11:22 13 Dekabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Seymur Fətəliyevin “Report”a müsahibəsi
Agentliyin yaradılması fikrinin necə ortaya çıxdığı, qurumun öncül hədəfləri barədə məlumat vermənizi xahiş edirik.
- Müasir dünyada humanitar fəaliyyətlər təbii mərhəmət hisslərinin ifadəsi ilə yanaşı, dövlətlərin xarici siyasətinin də mühüm parçasıdır. Yəni humanitar yardım müxtəlif fəlakətlərə, məşəqqətlərə düçar olan ölkə ilə həmrəylik nümayiş etdirir ki, bu da bütövlükdə beynəlxalq sabitliyin və əmin-amanlığının güclənməsinə dəstək deməkdir. Odur ki, müxtəlif böhranlı vəziyyətlərə zəruri hazırlığı təmin etmək məqsədi ilə humanitar fəaliyyətlərə bağlı olduğunu yeni humanitar strategiya qəbulu ilə ifadə edən Azərbaycan 2011-ci ildə Xarici İşlər Nazirliyi çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA – Azerbaijan İnternational Development Agency) təsis etdi. Agentliyin əsas məqsədi zərərçəkən ölkələrin içməli su, ərzaq, dava-dərman, təmizlik ləvazimatı, tibbi yardım, müvəqqəti sığınacaqlar kimi ən ümdə ehtiyaclarını vaxtında və səmərəli şəkildə qarşılamaqdır. Humanitar yardım məfhumunun özü, ilk növbədə, hər hansı təbii və ya insani fəlakətlərə düçar olmuş əhalinin ən qiymətli dəyər olan həyatını, həmçinin ləyaqətini qorumaq, mühafizə etmək deməkdir.
- Uzun illər ərzində xaricdən yardımlar alan Azərbaycan artıq başqa ölkələrə yardım edərək onların inkişafına töhfəsini verən ölkəyə çevrilib. Başqa ölkələrə kömək etməkdə maraqlı olmağınızın səbəbi nədir?
- Son on illər ölkəmizin sürətli inkişafı nəticəsində əvvəllər beynəlxalq yardımların ünvanı olmuş Azərbaycan donor ölkəyə çevrilib. Bu status ölkəmiz qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır. Həm də humanitar yardımın nə demək olduğunu, nə qədər mühüm vəzifə daşıdığını biz çoxlarından daha yaxşı bilirik. Belə ki, müstəqillik dövrünə işğalçılarla müharibənin dəhşətlərini yaşayaraq qədəm qoyan, ərazisinin böyük hissəsi işğal edilən, bir milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qalan gənc dövlətimiz təbii ki, kənar yardımlara möhtac vəziyyətə düşmüşdü. Ölkənin müxtəlif bölgələrində tələm-tələsik qurulan qaçqın düşərgələrini həmin çətin dövrdə yerli imkanlarımızla saxlamaq qeyri-mümkün idi. Bir sıra ölkələrdən humanitar yardımlar gəlirdi. O keşməkeşli illərə nəzər saldıqda həmin mürəkkəb dövrün bizə çox qiymətli təcrübə qazandırdığını cəsarətlə söyləyə bilərik. Müstəqilliyi bərpa olunandan ilk illərdə bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün artıq firavan, müasir ölkəyə çevrilib. Dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş Azərbaycan özü möhtac ölkələrə humanitar yardımlar göstərən, əl tutan donor ölkədir. Belə ki, hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Bu cür yardımlar 2011-ci ildən Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib. 2014-cü ildə bir sıra bölgələri leysan yağışları üzündən daşqınlara məruz qalan Serbiya və Bosniya Herzeqovinaya da humanitar yardımlar göndərilmiş, bəzi yerlərdə ayrı-ayrı yaşayış məntəqələrini təxliyyə etmək belə məcburiyyəti yaranmışdı. Fəaliyyəti dövründə agentliyimiz Afrika ölkələrində bir sıra layihələr hazırlayıb həyata keçirmişdi.
Məsələn, bəzi ölkələrdə xüsusi proqram çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin pulsuz müayinələr aparmalarına, zəruri hallarda katarakta və qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmalarına dəstək verildi. Həkimlərimiz eyni zamanda yerli oftalmoloqlara da təlim keçərək gələcəkdə bu cür hallara qarşı daxili imkanlar hesabına tədbirlər görülməsi üçün zəmin yaradıblar.
Bundan əlavə, AİDA ebola kimi qorxulu xəstəliklə mübarizə aparmaq üçün də Afrika ölkələrinə yardım edib. Həmçinin elə bu günlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Albaniyada noyabrın 26-da baş verən zəlzələnin nəticələrini aradan qaldırmaqda bu ölkəyə də humanitar yardımlar göstərilib. Həmin yardımların vaxtında çatdırılmasını əlaqələndirmək yenə də, əvvəlki oxşar hallarda olduğu kimi, agentliyimizə həvalə olundu. Müasir Azərbaycan gələcəyə doğru inamla addımlayır. Son on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Bu gün elə bir inkişaf səviyyəsinə çatmışıq ki, artıq nəinki irimiqyaslı regional investisiya layihələri hazırlayıb həyata keçirmək, həm də kasıb, yaxud möhtac ölkələrə yardım da göstərə bilərik. Bu da hazırda ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Xarici ölkələrə yardımların məqsədi də bütün sahələrdə beynəlxalq əməkdaşlığı daha da genişləndirməkdir.
- Özünün bir milyon qaçqın və məcburi köçkününün problemlərini həll etməklə yanaşı, Azərbaycan hazırda xarici ölkələrdə qaçqın və məcburi köçkünlərə yardımlar göstərir. Bəs, beynəlxalq birlik tərəfindən bu siyasət necə qəbul edilir?
- Qeyd edim ki, təkcə bu il Azərbaycan Yəməndən olan qaçqınlara maliyyə yardımı edib. Bu ölkədə 24 milyon adam, yəni əhalinin 80 faizi təcili humanitar yardıma möhtac vəziyyətə düşmüşdü. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali komisarının müraciəti üzrə ölkəmiz Burundidəki böhranlı vəziyyətdən əziyyət çəkən qaçqınlar üçün də maliyyə yardımı ayırdı. Bu vəsait qonşu Tanzaniya, Konqo, Ruanda, Uqanda resbublikaları ərazisində yerləşdirilən qaçqınların ilkin ehtiyaclarının ödənməsinə, onların öz ölkələrinə dönüb cəmiyyətə yenidən qovuşmalarına yönələn səyləri dəstəkləməyə sərf olunub. Ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasəti, Prezident İlham Əliyevin strategiyası çərçivəsində insan amili daim ölkənin inkişafının başlıca amili olaraq dəyərləndirilib, insan kapitalı qismində qəbul edilib. Məhz bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köşkünün bir nəfəri belə dövlətin diqqətindən kənarda qalmayıb, hər biri mənzillə, iş yeri ilə, vaxtında ödənilən təqaüd və müavinətlərlə, böyüyən nəsil isə pulsuz təhsillə təmin edilib. Beləliklə, bu gün Azərbaycanda sosial sisteminin əhatəsi xaricində qalan qaçqın və ya məcburi köçkün yoxdur. Hökumətimizin bu cür düşünülmüş, uzaqgörən siyasəti xarici ölkələrdə böyük maraq və həmrəyliklə qarşılanmaqla yanaşı, oxşar vəziyyətdə olan ölkələrdə tətbiq etmək üçün hərtərəfli öyrənilir.
- Rəhbərlik etdiyiniz təşkilat 8 ildən çoxdur təsis olunub. Ötən müddət ərzində qurumun fəaliyyətini necə qiymətləndirirsiniz? AİDA-nın Azərbaycan üçün əhəmiyyəti nədir?
- Qeyd edim ki, agentlik təsis edilən gündən etibarən üzərimizə götürdüyümüz çətin donor öhdəliklərimizi uğurla yerinə yetirir, bununla da ölkəmizin dünyada siyasi və iqtisadi hədəflərinə çatmasına töhfə veririk. Belə ki, bu gün Azərbaycan zəruri hallarda yardım əlini uzatmağa hazır olan ölkə kimi tanınır. Ötən müddət ərzində bu yardımlar 100-dən çox ölkəyə göstərilib. Yardımlarımızı qəbul edən ölkələrin əhatə dairəsi xeyli genişlənib, qarşıdakı dövrdə yardım almaq üçün müraciətlərin sayı da get-gedə artır.
Bununla yanaşı, BMT İnkişaf Proqramı, İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və s. beynəlxalq maliyyə və donor təsisatları ilə tərəfdaşlıq əlaqələri inkişaf etdirilir, birgə layihələr icra olunur. Bu baxımdan AİDA Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə səmərəli işgüzar əlaqələrinə malikdir. Fəaliyyətimizdə Afrika ölkələrinə yardımlar göstərilməsi əsas istiqamət təşkil edir. Məsələn, agentliyimiz vasitəsilə hökumət Afrikada qızdırma epidemiyasına qarşı mübarizə tədbirləri üçün bir milyon dollar məbləğində yardım ayırıb. Həmçinin texniki yardım layihələri də hazırlanıb, təhsil və ixtisasartırma ilə bağlı dəstək göstəririk. Prezident İlham Əliyevin müvafiq sərəncamı, habelə 2019-2022-ci illərdə Qoşulmama Hərəkatında sədrlik çərçivəsində artıq 2018-ci ildən etibarən bu nüfuzlu beynəlxalq təşkilatın üzv ölkələrindən ildə 40 nəfər tələbə İƏT ölkələrindən olan yaşıdları ilə bir yerdə Azərbaycanda tam həcmdə təqaüdlə təmin olunmaq şərti ilə müxtəlif sahələr üzrə təhsil alır. Hazırda adıçəkilən proqram çərçivəsində həmin beynəlxalq təşkilatların üzvü olan 31 ölkədən gənclər Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında oxuyur. Həmin gənclər yaxın gələcəkdə öz ölkələri ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin güclənməsinə sanballı töhfələr verməklə bizim dünyadakı lobbimiz olacaqlar.
AİDA 2018-ci ildə inkişaf edən ölkələrin diplomatları üçün ADA Universitetilə birgə həyata keçirilən ixtisasartırma layihəsinə başlayıb. Bu layihə çərçivəsində hər il Asiya, Afrika, Latın Amerikası, Şərqi Avropa ölkələrindən 15 diplomat müvafiq kurslarda iştirak edir. Bu il həmin kursları Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Ruanda, Seneqal, Serbiya, Uruqvay, Vyetnam, Yəmən diplomatları bitirib, sonralar iştirakçı ölkələrin əhatə dairəsini daha da genişləndirmək nəzərdə tutulur. 2018-ci ildə agentliyimizin təşkilatı dəstəyi, ADA Universitetində kurs müdavimləri ilə ilk görüş, habelə “Gələcəyə sərmayə: dayanıqlı inklüziv inkişafa doğru” adlı "dəyirmi masa" keçirilib. Tədbirdə 25 ölkədən Azərbaycanda təhsil almış 60-dan çox adam, həmçinin hazırda ölkəmizin ali məktəblərində oxuyan əcnəbi tələbələr iştirak edib.
Agentlik tərəfindən həyata keçirilən mütəxəssislərin mübadilə proqramı çərçivəsində isə cari ildə ABŞ, Banqladeş, Braziliya, Cənubi Koreya, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Mərakeş, Pakistan, Polşa, Rusiya, Şri-Lanka, Vyetnam nümayəndələri ölkəmizdə olublar. Səhiyyəyə dəstək sahəsində də ciddi işlər görülür. Bu baxımdan agentliyin Afrika ölkələrində həyata keçirilən beynəlxalq layihədə iştirak etməsini vurğulamaq istərdim. Bu gün dünyada görmə qabiliyyətini tamamilə itirən 40 milyonadək, qismən itirən 300 milyondan çox insan var. Afrikada isə oftalmoloq həkimlərinin azlığı, müalicənin bahalığı ucbatından bir çoxları göz həkiminə gedə bilmir. Ona görə də agentliyimiz bu layihədə yaxından iştirak edir. 2009-2016-cı illərdə həyata keçirilmiş birinci mərhələ çərçivəsində bizim dəstəyimizlə Benin, Burkina Faso, Çad, Dcibuti, Kamerun, Kot d’Ivuar, Qvineya, Liviya, Mozambik, Mali, Niger respublikalarında 300 mindən artıq xəstə müayinə, 56 mindən çox xəstə də əməliyyat olunub. Həmçinin 177 yerli oftalmoloq həkim ixtisasartırma kurslarında iştirak edib. Proqramın beşillik müddətinə nəzərdə tutulan ikinci mərhələsi 2017-ci ildə başlayıb, bu müddət ərzində də 100 min xəstədə əməliyyat keçirmək, Afrika ölkələrində bir milyondan artıq məktəbdə müayinə və eynək paylamaq, 90 nəfər yerli oftalmoloq həkimin iştirakı ilə təcrübə kursları nəzərdə tutulur.
Bütövlükdə, AİDA hazırda aşağıdakı proqramlarda iştirak edir:
  • “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” Dəf edilə bilən korluqla mübarizə alyansı (Alliance to Fight Avoidable Blindness – AFAB)
  • Qonaq elmi işçilərin mübadiləsi tədqiqatçılar üçün təqaüd proqramı (Visiting Research Fellowship Program – VRFP)
  • Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramı (Advanced Foreign Service Program for Foreign Diplomats – AFSP)
  • İƏT və Qoşulmamışlar Hərəkatı üzv ölkələrinin vətəndaşları üçün təhsil qrantları proqramı (Educational Grant Programs for the citizens of OİC and NAM Member States)
  • Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Asosiasiyası (The İnternational Association of Foreign Alumni of Azerbaijan)
  • Xarici ölkələrin universitetlərində azərbaycanşünaslıq kafedraları, mərkəzləri, tədris proqramlarının yaradılması
  • Əcnəbilər üçün Azərbaycan dilinin elektron platformu.

  • Çox əlamətdar haldır ki, Prezident İlham Əliyev Qoşulmamışlar Hərəkatının XVIII zirvə görüşündəki nitqi zamanı agentliyimizin fəaliyyəti barədə deyib: “Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir”. Yəni bizim gördüyümüz işlər barədə dövlətimizin başçısı dünyada BMT-dən sonra ikinci yerdə olan, 120 ölkəni birləşdirən beynəlxalq təşkilatının zirvə görüşündə danışıb. Bundan daha yüksək qiymət təsəvvürə gətirmək mümkün deyil.
    - Hazırda Azərbaycanın kömək etdiyi başlıca istiqamətlər hansılardır? Humanitar yardımlara, yoxsa inkişafın dəstəklənməsinə üstünlük verilir?
    - Agentliyimizin fəaliyyəti iki əsas istiqamətdə həyata keçir. Bunlar humanitar yardımların göstərilməsi və inkişafın dəstəklənməsidir. Humanitar böhran yarandıqda AİDA özü zəruri kömək edir və ya Azərbaycanın aidiyyatı nazirlik və idarələrinin yardımlarını əlaqələndirməkdə iştirak edir. İnkişafa dəstək müstəvisində ilk növbədə inkişaf edən ölkələrdən olan tələbələrə təqaüd verilməsini qeyd etməliyəm. Belə ki, ölkəmizdə təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün AİDA xüsusi təqaüd proqramı çərçivəsində şərait yaradır. Yuxarıda qeyd etdiyim kimi, belə gənclərin yaxın gələcəkdə Azərbaycanın xaricdəki lobbisinə çevrilmələrinin yüksək ehtimalı nəzərə alınsa, həmin təqaüd proqramı agentliyimiz tərəfindən ən əhəmiyyətlilər arasında qəbul edilərək gələcəkdə daha da inkişaf etdirilməsi, imkan daxilində yardım alacaq ölkələrin siyahısını genişləndirmək nəzərdə tutulur.
    Bununla yanaşı, Azərbaycanın böyük nailiyyətlər və təcrübə qazandığı sahələrdə, ilk növbədə neft sənayesi sahəsində əcnəbi mütəxəssislər üçün təlimlərin, ixtisasartırma kurslarının keçirilməsinə dəstək verilir. Neft sərvətlərinə malik inkişaf edən ölkələrin vətəndaşları üçün ixtisasartırma kursları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilir. Yəni inkişafa dəstək layihələri daha çox müxtəlif tədqiqat, təhsil, təqaüd proqramlarını dəstəkləməyə yönələrək uzunmüddətli xarakter daşıyır.
    - Bu yaxınlarda ölkəmiz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Dəstək Komitəsində (OECD DAC) iştirakçı statusu qazanıb. Bu status ölkəmiz üçün hansı perpektivlər açır?
    - Agentliyimizin məqsədyönlü fəaliyyətinin mühüm nəticələrindən biri kimi Azərbaycanın hələ 2017-ci ildə qeyd etdiyiniz nüfuzlu beynəlxalq təşkilatda qonaq statusu aldığını, cəmi iki il sonra isə tamhüquqlu üzvü olduğunu qeyd etmək istəyirəm. Əlamətdar haldır ki, Azərbaycan postsovet ölkələrindən bu təşkilata üzv olan yeganə ölkədir. OECD bazar iqtisadiyyatı prinsiplərini rəhbər tutan inkişaf etmiş ölkələrin təşkilatıdır və həmçinin “İnkişaf etmiş ölkələr klubu” kimi də tanınır. Hələ 1948-ci ildə Avropada ikinci dünya müharibəsindən sonra iqtisadi dirçəlişə nail olmaq üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılmışdı. 1960-cı il dekabrın 14-də isə Avropanın 20 ölkəsi Parisdə bu təşkilatın OECD-yə çevrilməsinə dair konvensiya imzalayıb. Avropanın inkişaf etmiş ölkələrindən başqa, ABŞ və Kanadanın da daxil olduğu yeni təşkilatın fəaliyyəti bu gün makroiqtisadi məsələlər və ticarətdən tutmuş təhsil, elm, ətraf mühitin mühafizəsi və sairəyədək ən geniş çeşid məsələləri əhatə edir. Bu qədər nüfuzlu birliyə ölkəmizin qəbul olunması da Azərbaycan rəhbərliyinin seçərək ardıcıllıqla həyata keçirdiyi xarici siyasət və iqtisadi xəttə beynəlxalq səviyyədə rəğbətin ifadəsidir. OECD DAC-də ölkəmizin tam hüquqlu üzvlüyü, heç şübhəsiz, dünyanın ən böyük iqtisadiyyatları ilə tərəfdaşlıq münasibətlərinin daha da artmasına, habelə Azərbaycanın donor fəaliyyətinin daha səmərəli hala gəlməsinə böyük təkan verəcək.
    - AİDA-nın gələcək planları barədə nə deyə bilərsiniz?
    - Agentliyimiz bundan sonra da yardım və inkişaf sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin bənzər qurumları ilə əməkdaşlıq əlaqələrini genişləndirəcək. Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf yolu ilə irələyərək müxtəlif beynəlxalq layihələrdə bərabər əsaslarla iştirak edir. Bu layihələrin bir qismi də humanitar səciyyəlidir. Bu gün iqtisadiyyatımız elə bir zirvəyə qədəm qoyub ki, Azərbaycan özünəməxsus humanizmi göstərərək bütün dünyada möhtaclara əl tuta, bununla da sülh, əmin-amanlıq, rifah təminatına layiqli töhfəsini verir.








    Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-da-rebheri-donor-olke-statusu-azerbaycan-ucun-yeni-imkanlar-acir

    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR