Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bələdiyyə seçkilərinə artıq start verildi və seçki məntəqələri vətəndaşların səsverməsi üçün açıqdır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, seçicilərin sərbəst şəkildə səsverməsi və seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

MSK sədri vurğulayıb ki, seçkinin nəticələri barədə gün ərzində ictimaiyyətə məlumat veriləcək.

O qeyd edib ki, 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da seçkilər haqqında məlumat veriləcək: “Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin