Lənkəran, 19 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi, SSRİ Yazıçılar İttifaqının üzvü Məmmədhüseyn Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Asəf İsgəndərov Məmmədhüseyn Əliyevin ötən əsrin əllinci illərindən ədəbiyyata gəldiyini, istedadlı yazıçı-dramaturq kimi tanındığını bildirib.
LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Yədulla Ağazadə Məmmədhüseyn Əliyevin həyatı və yaradıcılığı haqqında məruzə edib.
Qeyd olunub ki, M.Əliyev ədəbi yaradıcılığa məktəb illərindən başlayıb. O, “Dağlar oğlu”, “Lənkəran hekayələri”, “Torpağın ətri”, “Qayaların səsi”, “Döyüşən illər” kimi romanların, çoxlu sayda şeir və poemaların, publisistik yazıların müəllifidir. Onun “Prokuror”, “Ana fəryadı” dram əsərləri isə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Universitetin Valideynlər Şurasının sədri Sərhad Məmmədov, Yazıçılar Birliyi Lənkəran şöbəsinin məsul katibi İltifat Saleh, LDU-nun humanitar elmlər fakültəsinin dekanı, filologiya elmlər namizədi, dosent Kamran Kazımov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar Jurnalist Həmzə Vəliməmmədov, Yazıçılar Birliyinin üzvü, şair Xanlar Həmidli Məmmədhüseyn Əliyevin yaradıcılığının bədii məziyyətlərindən, vətənpərvərlik, yurda, el-obaya məhəbbət hisslərindən, böyük sənətkarla bağlı xatirələrindən danışıblar.
Bildirilib ki, yazıçının ikicildlik “Dağlar oğlu” əsəri ötən əsrin 70-ci illərində Moskvada rus dilində nəşr olunub.
Universitetin tələbələri Məmmədhüseyn Əliyevin şeir və poemalarından nümunələr söyləyiblər.
Mərasimdə Lənkəran 1 nömrəli musiqi məktəbinin xalq çalğı alətləri ansamblının üzvlərinin ifasında yubilyarın şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.
Yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans