Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Bayıl stadionunda “Neftçi” və Qəbələnin uşaq-gənclər idman məktəbinin komandaları arasında keçirilmiş final oyunu ilə AFFA-nın U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, “Neftçi” klubunun idman direktoru Vəli Qasımov və “Qəbələ”nin futbol direktoru Toni Adams təqdim ediblər.
U-10 Liqasının bombardiri 45 qolla “Simurq” komandasının üzvü Elvin Qarayev olub. “Neftçi” komandasının oyunçusu Nicat Qaragözlü isə liqanın ən yaxşı futbolçusu seçilib.




