“The Jerusalem Post”: Azərbaycan-İsrail münasibətləri: zülmət dünyasında işıq

“The Jerusalem Post”: Azərbaycan-İsrail münasibətləri: zülmət dünyasında işıq
01:03 3 Yanvar 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın coğrafi mövqeyi, əhalisinin etnik strukturu ölkə ərazisində müxtəlif dinlərin dinc şəkildə mövcud olmasına əlverişli şərait yaradıb. Zərdüştilik, yəhudilik, xristianlıq, islam və başqa dinlər tarix boyu həm Azərbaycanın mədəniyyətinə, həm də bir-birinə təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə siyasi analitik Cavid Məmmədzadə İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan-İsrail münasibətləri: zülmət dünyasında işıq” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın İsraillə münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər diplomatiya və ticarət çərçivəsini aşır. O yazır: “Azərbaycanda yəhudilərin tarixi antik dövrlərə, təxmini olaraq eramızdan əvvəl VII əsrdə Assuriya hökmdarları dövrünə gedib çıxır. Odur ki, Azərbaycanda yəhudi diasporunu dünyada ilk diasporlardan biri adlandırmaq olar. Əzəldən Azərbaycanın Quba rayonu kimi dağlıq rayonlarında məskunlaşdıqları üçün yəhudi qrupları “dağ yəhudiləri” adlandırılıb”. Analitik daha sonra vurğulayır: “Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin ən iri, İsrailin və Birləşmiş Ştatların hüdudlarından kənarda yeganə yəhudi yaşayış məskənidir".

Cavid Məmmədzadə yazır ki, dağ yəhudiləri birliyini təmsil edən yüzlərlə siyasətçi, biznesmen, alim və digər tanınmış xadimlər hazırda Rusiya, İsrail, ABŞ, Almaniya, Böyük Britaniya və Azərbaycanda yaşayır. “Bununla belə, İsraildə yaşayan dağ yəhudiləri Azərbaycanla fəal ictimai-siyasi və humanitar əlaqələr saxlayır, onun bayramlarını qeyd edir və faciəli günlərində onun kədərini bölüşürlər. Məsələn, İsrailin Akko şəhərində artıq bir neçə ildir ki, “Azərbaycan evi” adı ilə dağ yəhudilərinin irsi mərkəzi fəaliyyət göstərir. 2019-cu ilin fevralında burada 1992-ci ildə erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının qurbanlarına həsr olunmuş xatirə tədbiri keçirilib və sənədli fotosərgi təşkil edilib.

Bundan əlavə, yəhudi siyasətçilər 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratiya kimi özünün müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi və ictimai həyatında fəal iştirak ediblər. Onların arasında AXC parlamentinin üzvləri Moisey Quxmanın, sonralar ərzaq təminatı naziri olmuş Konstantin Lisqarın və səhiyyə naziri Yevsey Gindesin adlarını çəkmək olar. İkinci Dünya müharibəsi illərində Azərbaycan yüz min yəhudi ailəsinə sığınacaq verib. Holokostdan xilas olmaq üçün digər sovet respublikalarından təxliyə edilmiş təqribən 200 min yəhudi Azərbaycan SSR-də məskunlaşıb. Bütün bunlar müsəlmanlarla yəhudilər arasında qarşılıqlı etimada əsaslanan dinc yanaşı mövcud olmanın rəmzidir”, - deyə siyasi analitik qeyd edib.

Məqalə müəllifi qeyd edir ki, azərbaycanlılar öz Vətəninə şöhrət və şərəf gətirmiş yəhudi həmvətənləri ilə fəxr edirlər. “Onların arasında Bakıda doğulmuş fizik Lev Landau var. O, kondensasiyalı mühitlər, xüsusən maye helium sahəsində novator nəzəriyyəyə görə 1962-ci ildə Nobel mükafatına layiq görülüb. Yəhudi kökləri olan digər azərbaycanlı ölkəsinin ərazi bütövlüyünü və müstəqilliyini erməni təcavüzündən qoruyarkən qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovdur. Azərbaycan Albert Aqarunovun adını daşıyan küçədə onun şərəfinə abidə ucaltmaqla öz yəhudi qəhrəmanının xatirəsini ehtiramla anıb.

Bir çox dövlətlərdən, o cümlədən Avropa dövlətlərindən fərqli olaraq, Azərbaycanda heç bir antisemitizm hadisəsinin qeydə alınmaması müsəlmanlarla yəhudilərin dinc yaşamalarının və bir-birinə hörmət bəsləmələrinin daha bir təzahürüdür. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bu gün yəhudi icmasının evinə çevrilib. Burada səkkiz sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə İsmayıllı rayonunun Mücü kəndində çoxəsrlik yəhudi qəbiristanı bərpa edilib. Müqəddəs Tövrat AMEA-nın Şərqşünaslıq İnstitutunda ilk dəfə Azərbaycan dilinə tərcümə edilib”.

Azərbaycan cəmiyyətində yəhudilərə qarşı xoş münasibətin ölkə hökumətinin düzgün və müdrik siyasətinin təzahürü olduğunu vurğulayan C.Məmmədzadə yazır: “Bu baxımdan Azərbaycanla İsrail arasında dostluq münasibətləri zülmət dünyasında işıqdır. Bu, müsəlmanlarla yəhudilər arasında münasibətlərin necə ola biləcəyinə bir örnəkdir”.

Siyasi analitik fikirlərini belə yekunlaşdırıb: “Buna görə də təhlükəsizlik Azərbaycanda yəhudi icmaları üçün narahatlıq mənbəyi deyil. Yəhudilər çoxmillətli Azərbaycan cəmiyyətində iştirak edir və öz töhfələrini verirlər. Dünyada hansı ab-havanın mövcud olmasından asılı olmayaraq, Azərbaycanda müsəlmanlar və yəhudilər dostluq edirlər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/300877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR