"Klubdaxili sirlərin mediaya sızdırılmasından şübhələnirəm" -

Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim klubdaxili sirlərin mediaya sızdırılmasından şübhələnir.

Metbuat.az-ın məlumatına görə, bunu 67 yaşlı mütəxəssisin özü jurnalistlərə etiraf edib.

O, daxildən bəzi xəbərlərin kənara çıxmasına üzüldüyünü bildirib. F.Terim hazırda məsələni araşdırdığını söyləyib: "Bir çox xəbərlər verilir. Açığı, üzgünəm. Bu xəbərlərin bir qismi içəridən çıxır. Araşdırıram, tapsam, nə olacağını təxmin edirsiniz. Çünki bu işlər "Qalatasaray"ın əleyhinədir".

Baş məşqçi konkret misal da çəkib: "Henri Onyekuru ilə məşqdən əvvəl görüşdük. Səmimi deyirəm: 70 nömrəli formanı geyəcəyini bilmirdim. Amma məndən əvvəl bilən var imiş".

Onun sözlərinə görə, mediadakı bəzi xəbərlər yalan, şişirdilmiş və ya yanlış olsa da, doğruları da var: "Biz "Qalatasaray"a gəldiyimiz vaxt belə xəbərlərin 55 - 60 faizi yalan idisə, indi 80 - 90 faizi yanlışdır. Amma 10 - 20 faizi doğrudur. Bu da içəridən ötürülür. Mən Onyekurunun forma nömrəsini bilmirdim. Əsas məsələ budur ki, belə xəbərlər "Qalatasaray"a zərər verirmi? Bizimlə işləyən müxbirlər bilmir, başqaları bilirsə, bunlar klubumuza zərərlidir. Xəbəri alıb yazanlara bir söz demirəm, onları təbrik edirəm, öz məharətləridir. Amma "Qalatasaray"a zərərlidirsə, etiraz edirəm. Araşdırırıq, tapacağam da. Tapanda isə lazım gəlsə, sizinlə bölüşəcəyəm".

Qeyd edək ki, "Qalatasaray" Henri Onyekurunu "Monako"dan mövsümün sonunadək icarəyə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR