ABŞ və İran arasında yeni SSENARİ İŞƏ DÜŞÜR: Bir ay ərzində... - ŞOK DETALLAR

ABŞ və İran arasında yeni SSENARİ İŞƏ DÜŞÜR: Bir ay ərzində... - ŞOK DETALLAR
18:38 8 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ və İranın birbaşa müharibəyə getməsi inandırıcı deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.

O bildirib ki, Qasım Süleymaninin öldürülməsindən sonra təkcə ABŞ və İran münasibətlərində yox, ümumən Yaxın Şərqdə yeni mərhələ başlayıb: “Diqqətlə müşahidə etdikdə görürük ki, bu proseslər yeni ssenarilərin işə düşməsinə və ciddi gərginliklərin yaranmasına gətirib çıxaracaq. Müxtəlif variantlar və ssenarilər üzərində təhlillər aparılır. Bunların hansının olub-olmayacağı hər halda qarşıdakı vaxtda bilinəcək. Hətta deyərdim ki, yaxın bir ay ərzində biz buna şahid olacağıq. Onsuz da son açıqlamalar, bəyanatlar onu göstərir ki, hər iki ölkə müharibənin baş verməsini istəmir. Bu, təkcə sözügedən iki ölkəyə deyil, bütövlükdə bölgəyə çox ciddi mənfi təsir göstərə bilər. Hətta deyərdim ki, dağıdıcı təsir göstərə bilər. Ona görə maksimum dərəcədə münasibətlərin daha yumşaq məcraya qədəm qoyulmasına cəhdlərin edilməsinə şahid ola bilərik”.

V.Zifəroğlunun fikrincə, artıq Avropa İttifaqı məsələ ilə bağlı çox ciddi təhlillər aparır: “Qurum üzvləri ABŞ və İran arasında vasitəçilik missiyası oynaya biləcəklərini də bəyan edirlər. Eyni zamanda başqa ölkələr də bununla bağlı artıq öz fikirlərini bildirir. İranın raket zərbələri ilə ABŞ bazalarına hücumu İranın səssiz qalmayacağını göstərən əsas əlamətdir. Bunu gözləmək lazım idi. Çünki Qasım Süleymani İranın Yaxın Şərq siyasətində son dərəcə önəmli şəxs idi. “Şiə hilalı”nın formalaşdırılmasından tutmuş, İrana yaxın leqal və qeyri-leqal birləşmələrə, hücrələrə qədər koordinasiyasının həyata keçirilməsində ən vacib ad idi”.

Analitik Qasım Süleymaninin öldürülməsinin İranın “dərin beyni”ni iflic vəziyyətinə saldığını deyib: “Təbii ki, İran bunu cavabsız qoya bilməzdi. Bu mənada ABŞ da İrandan cavab addımı gözləyirdi. Amerikanın verdiyi bəyanatlar buna bariz nümunədir. Maksimum dərəcədə hər iki tərəf münasibətlərin daha loyal və yumşaq məcraya qədəm qoyması üçün müəyyən cəhdlər etməlidir. Ya birbaşa, ya da dolayısıyla. Çünki indiki vəziyyətdə gərginliyin müharibə ssenarisinə qədər gedib çıxması nəinki iki ölkə, ümumiyyətlə, bölgə üçün arzuolunmaz haldır. Son dərəcə ciddi fəsadlara gətirib çıxara bilər. Biz daha çox kəskin diplomatik ritorikanın şahidi oluruq. 52 və 290 rəqəmlərinin deyilməsi bir mesajdır. Məsələn, Trampın 1979-cu il inqilabında girov götürülən diplomatlarla bağlı hədəflərin müəyyənləşdirilməsi məsələsi ön plana keçib. Ardınca 290 rəqəminə Ruhaninin cavab verməsi də buna nümunədir. Bu, 1988-ci ildə İrandan Dubaya uçan sərnişin təyyarəsinin ABŞ hərbi qüvvələri tərəfindən vurulması və 290 sərnişinin öldürülməsi ilə bağlı rəqəm idi. Trampın başına pul qoyurlar, qırmızı bayraq qaldırılır, digər tərəfdən ABŞ kəskin bəyanatlar verir. Bütün bunlar kəskin ritorikadır və zənnimcə, bundan sonra da davam edəcək. Amma hesab edirəm ki, bu kəskinlik maksimum dərəcədə zamanla daha loyal məcraya istiqamətlənəcək”.

V.Zifəroğlu qeyd edib ki, İraq ABŞ-İran müharibəsinin poliqonuna çevrilib: “ABŞ İranı İraqda vurur. İran ABŞ-ı yenə də İraqda vurur. Bu təbii ki, İraqa mənfi təsirlərini göstərəcək. Eyni zamanda İranla bağlı olan ölkələrdə maraqlı gəlişmələrin şahidi ola bilərik. Suriya, Livan, Yəmən və s. Yəməndə husilərlə bağlı olan proseslərin daha kəskin, ciddi bir mərhələyə qədəm qoyması ehtimalı yüksəkdir. Hətta deyərdim ki, ərəb-İran qarşıdurmasının açıq şahidi ola bilərik. Bəhreyndə daxili iğtişaşların baş qaldırma ehtimalı da var. İranın ən vacib təzyiq aləti kimi istifadə etdiyi əsas yer Hörmüz boğazıdır. Bu mənada Hörmüz boğazı ilə bağlı müəyyən proseslərin şahidi ola, eyni zamanda, yaxın müddətdə İŞİD faktorunun aktuallaşmasını görə bilərik. Bunu İranın manevr imkanlarını daraltmaq məqsədilə edə bilərlər”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/301334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR