Şamaxı, 20 may, AZƏRTAC
“Polisə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında “İnsan alveri ilə mübarizə” mövzusunda birgə, geniş seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri açan filialın direktoru Tünzalə Yusifova insan alveri ilə bağlı cinayət əməllərini Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına yad olan mənfi nəticələrin təzahürü kimi qiymətləndirib.
Tədbirdə məruzə ilə çıxış edən təşkilatın sədri Şəmsəddin Əliyev vurğulayıb ki, hər bir cəmiyyətdə şəxsiyyətin inkişaf səviyyəsi, təhsili və vətəndaş mövqeyi onun siyasi və həm də sosial düşüncəsi ilə bilavasitə əlaqədardır. Kifayət qədər təhsili və bilik səviyyəsi olmayan şəxslərin maarifləndirilməsi və nəzəri baxımdan məlumatlandırılması, ümumiyyətlə, bir sıra cinayətlərin qarşısının alımasında əhəmiyyət kəsb edir. Savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
