Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib
12:37 30 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın təhsil nazirinin müavinləri və başqaları iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək Türk Şurasının gənc təşkilat olmasına baxmayaraq, qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini dərinləşdirdiyini bildirib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsi kimi Türk Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırıb: "Türk Şurası çərçivəsində mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə və türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqinə dair nailiyyətlərimizin artacağına, bu xüsusda mühüm rol oynayan təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edirəm".
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin ötən il kifayət qədər uğurlu olduğunu diqqətə çatdırıb.
Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə Ceyhun Bayramova təqdim edilib.
Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.
Qeyd edək ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türk Şurasının VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/beynelxalq-turk-akademiyasi-elmi-surasinin-iii-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR